Türkiyənin “Fənərbağça” futbol komandasının sabiq baş məşqçisi Aykut Kocamanın “Xəzər Lənkəran”ın təklifini rədd etdiyi üzə çıxıb. Lent.az-ın “Star” qəzetinə istinadən məlumatına görə, 49 yaşlı mütəxəssisə təklif “ağ-yaşıllar”ın Con Toşakı istefaya göndərməsindən sonra ünvanlanıb.
“Fənərbağça”nın prezidenti Aziz Yıldırımla dost olan Lənkəran klubunun fəxri prezidenti Mübariz Mənsimov Kocamana ildə 4 milyon avro ödəməyə hazır olub. Lakin türkiyəli baş məşqçi növbəti mövsümədək heç bir komandaya rəhbərlik etmək istəmədiyini səbəb göstərərək, “Xəzər Lənkəran”dan imtina edib.
Əvəzində o, Qazaxıstan milli komandasının sükanı arxasına keçməyə razılaşıb. Qazaxıstan Futbol Federasiyasının rəhbərliyi Kocamanla Türkiyədəki iş adamları vasitəsilə əlaqə qurub. Təcrübəli mütəxəssis təklifə müsbət yanaşsa da, düşünmək üçün vaxt istəyib. Tərəflərin yaxın vaxtlarda bir araya gələrək, yekun nöqtəni qoyacaqları bildirilir.
Qeyd edək ki, Aykut Kocaman əvvəllər Türkiyənin “İstanbulspor”, “Malatyaspor”, “Konyaspor” və “Ankaraspor” komandalarının da baş məşqçisi olub. O, 2010-cu ildən çalışdığı “Fənərbağça”nı ötən il mayın 29-da tərk edib.