İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olan “Bakı” klubunun yoxlama oyunundakı rəqibləri müəyyənləşib. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçisi hazırlıq prosesi ərzində 5 oyunda qüvvəsini sınayacaq.
Yanvarın 12-də “Bakı” “Benahavis stadionu”nda Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Bundan 4 gün sonra baş məşqçi Milinko Pantiçin komandası eyni saatda İspaniyanın Sequnda adlanan səviyyəcə ikinci divizionundakı “La Balona”nı “Arroyo En Medio” stadionunda sınağa çəkəcək.
“Bakı”nın növbəti 3 rəqibi isə daha səviyyəli komandalar olacaq. “Zolaqlılar” yanvarın 19-da saat 19:30-da Ukrayna “Dnepr”ini, yanvarın 22-də saat 21:00-da Rumıniyanın “Styaua”sı ilə MFC stadionunda görüşəcəklər. Nəhayət, yanvarın 24-də komandamız saat 19:30-da “Arroyo En Medio” stadionunda Ukraynanın “Dinamo” (Kiyev) klubuna rəqib olacaq.
“Bakı”nın tərəfdaşlıq etdiyi İspaniya “Atletiko”su ilə yoldaşlıq görüşü isə baş tutmayacaq. Marbelyadan Madridədək xeyli yol qət etməyin gərəkliyini nəzərə alan hər iki klub matçın başqa vaxta keçirilməsini məqsədəuyğun sayıb.
Qeyd edək ki, “Bakı” təlim-məşq toplantısına 29 futbolçu ilə yollanıb. Bunlar qapıçılar Elxan Əhmədov, Edin Nuredinoski və Aqil Məmmədov, müdafiəçilər Nicat Əsgərov, Etto, Ruben Qonzalez, Mario Alvarez, Yure Travner, Georgios Pelagias, Şəhriyar Əliyev, Elvin Əliyev, yarımmüdafiəçilər Deyvidas Çesnauskis, Əziz Quliyev, Elton Hüseynov, Vadim Abdullayev, Vüqar Bəybalayev, Xavier Junior, Risto Ristoviç, Cavid Hüseynov, Alberto Noqeyra, Namiq Ələsgərov, Lukas Horvat, Vüqar Mustafayev, Aleksandar Şoliç və Elvin Məmmədov, eləcə də hücumçular Mario Rubio, Rauf Əliyev, Marius Pena və Tural Qürbətovdur. Zədəsi olan Əfran İsmayılovun bir neçə gündən sonra komandaya qoşulması gözlənilir. Qapıçı Kamran Ağayevlə hücumçu Mindauqas Kalonas isə transferə çıxarılıb.