<b>İrina Zaretska:</b> Heç bilirsiz karateyə sevgim necə yaranıb? –<span style="color:red;"> MÜSAHİBƏ
15 iyun 2015 18:33 (UTC +04:00)

İrina Zaretska: Heç bilirsiz karateyə sevgim necə yaranıb? – MÜSAHİBƏ

Karatenin kumite növü üzrə I Avropa Oyunlarının qızıl mükafatçısı İrina Zaretskanın (68 kq) apasport.az saytına müsahibəsi

 

- Avropa Oyunlarının çempionu olmaqla, qısa müddətdə məşhurlaşdınız. Bu uğura imza atacağınızı gözləyirdizmi?

- Çox xoşbəxtəm. İlk Avropa Oyunlarının qızıl medalını qazandım. Bu uğur mənim üçün çox dəyərlidi, böyük məna kəsb edir. Birinci olmaq heç də asan iş deyil. Bunun üçün bütün çətinliklərə qatlaşdım və sonda istəyimə çatdım. Bu, mənim karyeramda ikinci ən böyük uğurumdu. Keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Qızıl mükafat uzun müddət çəkdiyim əziyyətin, tökdüyüm göz yaşlarının bəhrəsidi. Üzərimdə çox çalışırdım. O ki qaldı gözləmək məsələsinə, mən proqnoz verməyi xoşlamıram. Çünki öncədən nəsə deyəndə, plan quranda işlərim yolunda getmir.

 

- Ailəniz zəfərinizi tribunadan canlı izlədimi?

- Bəli. Anam mənim görüşlərimi izləmək üçün Odessadan Bakıya gəlmişdi. İstəyirdim ki, qızıl medal qazanmaqla anamı sevindirim. Hər görüş qələbə qazandım ki, anam növbəti dəfə də mənim görüşümü izləsin. Finala çatdım və həlledici görüşdə də rəqibimə qalib gəlməklə, qızıl medala sahib çıxdım. Mən anama görə yarışdım və qələbəni də ona həsr edirəm.

 

- Yarış ərzində ən çətin görüşünüzü hansı rəqibə qarşı keçirdiniz?

- Avstriyalı rəqibimə qarşı. Çünki o, çox güclü idmançıdı. Bu vaxta qədər onunla heç qarşılaşmamışdım. Amma bütün görüşlərinə baxmışdım. İnamlı, böyük hesablı qələbələr qazanmışdı. Mənim kimi, o da keçən il dünya çempionatının üçüncüsü olub. Rəqibimdən qorxmurdum, amma onunla görüşə daha ciddi yanaşdım. Əsas odu ki, bu yarışda son nöqtəni mən qoydum.

 

- Karate ilə neçə yaşınızdan məşğul olursuz?

- 3 yaşımdan. Uşaqlıqdan karateyə həvəsim olub.

 

- Ailəniz inanırdı ki, sizdən güclü karateçi çıxacaq?

- Heç bilirsiz karateyə sevgim necə yaranıb? O vaxt qardaşım idmanın bu növü ilə məşğul olurdu. Onun sayəsində məndə də karateyə istək yarandı. İstəyirdim ki, qardaşım kimi dalaşım. O, həmişə mənə örnək olub. Qardaşım da karatedə uğurlar qazanıb. Hazırda karyerasını bitirib, məşqçiliklə məşğuldu. Valideynlərim də karate ilə məşğul olmağıma qarşı deyildilər. Uşaq vaxtı daha çox oğlanlarla oynayırdım. Bu mənada, karate ilə məşğul olmaq mənə problem yaratmadı. Atam da, anam da həmişə mənə dəstək olub. Heç vaxt karateyə getməyi qadağa qoymayıblar mənə. Daha doğrusu, 1-2 dəfə qadağa qoyublar, o da dərslərimə mane olmamağı üçün (gülür). Ancaq karateyə sevgim tükənməz idi. Hazırda valideynlərim, qohumlarım, babalarım, nənələrim, bir sözlə hamı çox sevinclidi. Bacılarım internet vasitəsilə məni təbrik etdilər. Uğurlarım onları qürurlandırır.

 

- Medalların təltif olunması mərasimində Azərbaycan himni səslənərkən, onu oxumağınız çox müsbət qarşılandı...

- Azərbaycan dilində bir az öyrənmişəm. Amma sözlərinizi tam başa düşə bilmirəm.

 

- Bəs himni necə oxuya bildiniz?

- Himni öyrənmişdim. Onun sözlərini bilirəm (gülür).   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar