Gənclər və İdman Nazirliyi 2013-cü ilin əsas idman hadisələri və nəticələr haqqında hesabat dərc edib. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, arayış xarakterli hesabatda il ərzində keçirilmiş tədbirlər və qazanılmış nailiyyətlər əksini tapıb.
2013-cü ildə Azərbaycanda fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 298 respublika miqyaslı (2012-ci ildə 150), 57 beynəlxalq yarış (2012-ci ildə 35) keçirilib. Xarici ölkələrdəki 281 beynəlxalq yarışda (2012-ci ildə 250) isə yığma komandalarımızın iştirakı təmin olunub.
İl ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 280 qızıl, 233 gümüş və 269 bürünc, ümumilikdə 782 medal (2012-ci ildə 735 medal: 255 qızıl, 244 gümüş, 236 bürünc) əldə edilib. Bunlardan 296 medal (101 qızıl, 74 gümüş, 121 bürünc) olimpiya, 486 medal (179 qızıl, 159 gümüş, 148 bürünc) qeyri-olimpiya idman növlərindən olub. 2003 - 2013–cü illərdə isə ümumilikdə 5398 (1918 qızıl, 1533, 1947 bürünc) medal qazanılıb.
İdman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq 154 təlim-məşq toplanışında (2012-ci ildə 83) iştirak edib. Bu toplanışlardan 103-ü Azərbaycanda, 51-i xarici ölkələrdə keçirilib. Hazırlıq proseslərinə ümumilikdə 6000-dək idmançı qatılıb.
Heydər Əliyevin 90 illik yubileyi
Bu münasibətlə müxtəlif idman növləri üzrə bir sıra beynəlxalq turnirlər, o cümlədən 24 ölkə nümayəndələrinin iştirakı ilə “Tour de Azerbaijan” veloyürüşü, cüdo üzrə “Böyük Dəbilqə” seriyasının mərhələ yarışı, Naxçıvan şəhərində “Naxçıvan Open-2013” beynəlxalq şahmat festivalı və güləş üzrə beynəlxalq turnir, Mingəçevirdə su polosu, üzgüçülük və basketbol üzrə beynəlxalq turnirlər və avarçəkmə üzrə “Prezident Kuboku” reqatası, Qusarda universal döyüş üzrə “Heydər Əliyev Kuboku”, Masallıda hapki-do üzrə “Heydər Əliyev Kuboku”, boks üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Cənubi Afrika Respublikası və Avstriyada Azərbaycan səfirliklərinin vasitəçiliyi ilə kikboksinq üzrə Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq turnirlər və s. keçirilib.
Tələbələrin XXVII Ümumdünya Yay Universiadası
6 - 17 iyulda Beynəlxalq Universitet İdmanı Federasiyasının Rusiyanın Kazan şəhərində keçirdiyi Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında ölkəmiz tarixi uğura imza atıb. 28 idman növü üzrə təşkil olunmuş Universiadada 78 tələbə idmançımız 12 növdə, o cümlədən, şahmat, atletika, ağır atletika, cüdo, boks, sambo, kəmər güləşi, idman gimnastikası, qılıncoynatma, sərbəst güləş (kişilər), sərbəst, yunan-Roma və qadın güləşi üzrə iştirak edib. Komandamız 8 növdə 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazanmaqla ümumkomanda hesabında 162 ölkə arasında 15-ci, İslam dövlətləri arasında 1-ci, MDB ölkələri arasında 4-cü, Avropa ölkələri arasında isə 9-cu yeri tutub.
Türkiyə 2 qızıl medalla 29-cu, İran 1 qızıl medalla 33-cü, Ermənistan 1 qızıl medalla 32-ci, Gürcüstan 1 gümüş və 2 bürünc medalla 48-ci olublar. Ümumiyyətlə isə, Universiadada cəmi 62 ölkə medal qazana bilib. Digər tərəfdən, 2011-ci ildə Çinin Şenjen şəhərində keçirilmiş XXVI Ümumdünya Yay Universiadasında ölkəmiz 6 növdə 22 idmançı ilə təmsil olunaraq, 2 gümüş medalla 167 ölkə arasında 46-cı olmuşdu.
III İslam Həmrəyliyi Oyunları
22 sentyabr - 1 oktyabr aralığında İndoneziyanın Palembanq şəhərində 13 idman növü üzrə keçirilmiş Oyunlarda 3 qitənin 46 ölkəsi 1586 idmançı ilə təmsil olunub. Azərbaycanın 9 idman növü üzrə 53 idmançısı 7 növdə (karate, üzgüçülük, atletika, kamandan oxatma, ağırlıqqaldırma, taekvondo və uşu) 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) komanda hesabında 7-ci olub. Komanda yarışlarında karate növündə qızıl, kamandan oxatmada isə gümüş medal qazanılıb. Eyni zamanda, ilk dəfə üzgüçülük növündə əldə olunmuş qızıl medal (200 m), kamandan oxatma üzrə komanda hesabında gümüş medal müstəqillik dövrünün bu idman növləri üzrə ilk nailiyyətidir. 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığının 4 şəhərində (Məkkə, Mədinə, Taif, Ciddə) keçirilmiş I İslam Həmrəyliyi Oyunlarında 14 idman növü üzrə 55 ölkə iştirak etmişdi. Azərbaycan komandası bu tədbirdə 12 idman növündə 103 idmançı ilə təmsil olunmuş və 5 idman növündə (karate, ağırlıqqaldırma, basketbol, qılıncoynatma, taekvondo) 15 medalla (4 qızıl, 4 gümüş, 7 bürünc) 8-ci yeri tutmuşdu. 2009-cu ildə İranda keçirilməli olan II İslam Həmrəyliyi Oyunları isə təxirə salınmışdı.
Ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlər
2014-cü ildə 26 aprel-01 may tarixlərində Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi keçiriləcək. 2013-cü ilin aprel ayında Rusiya Federasiyasının Soçi şəhərində təşkil edilmiş 76-cı konqresdə AİPS-in bayrağı Azərbaycan tərəfinə təqdim edilmişdir. Bakıda keçiriləcək konqresə yüksək səviyyədə hazırlıq işləri ilə əlaqədar AİPS prezidenti Canni Merlo cari ildə 2 dəfə ölkəmizə səfər etmiş, gənclər və idman naziri Azad Rəhimov və Təşkilat Komitəsi üzvləri ilə görüşlər keçirmişdir.
2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı (15 - 17 iyun), Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına (16 - 28 avqust) Avropa üzrə seçim turniri, 2015-ci ildə ilk dəfə I Avropa Oyunları və şahmat üzrə Dünya kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və s. möhtəşəm tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Digər əsas nailiyyətlər
26 - 31 avqustdə Braziliyanın Rio-de-Janeyro şəhərində cüdoçumuz Elxan Məmmədov (100 kq), 30 avqust - 3 sentyabrda Almaniyanın Duysburq şəhərində 200 metr məsafəyə yürüşdə kanoeçimiz Valentin Demyanenko 38,462 saniyə nəticə göstərərək 4-cü dəfə, 11 - 27 oktyabrda boksçularımız Məhəmmədrəsul Məcidov (+91kq) və Cavid Çələbiyev (56 kq) Qazaxıstanın Almatı şəhərində dünya çempionu adını qazanıblar.
8 - 17 noyabrda Polşanın paytaxtı Varşavada keçirilmiş Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət yığma komandası 2-ci dəfə Avropa çempionluğu əldə edib.
6-7 iyulda Bakıdakı Dənizkənarı Milli Parkda motorlu qayıqsürmə üzrə (Formula-2) Grand Prix - 2013 yarışları keçirilib. Yarışda Azərbaycanla yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları mübarizə aparıb. Yarışın qalibi İsveçin“Getel Racing” komandasının pilotu Erik Stark olub. “Azərbaycan” komandasının üzvü Yonas Andersson 2-ci, Latviyanın“Riga powerboat” kollektivinin pilotu Ulvis Slakteris isə 3-cü yeri tutub.
Təmir-tikinti
Müstəqillik dövründə şəhər və rayonlarımızda 22-si Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilməklə, ümumilikdə 40 Olimpiya İdman Kompleksi (OİK) tikilib istifadəyə verilib ki, bundan da 5-i cari ilin payına düşür. Göygöl OİK-in və Daşkəsən rayonunda “Gənclər üçün təlim və istirahət mərkəzi”nin tikintisi başa çatdırılıb. Abşeron, Ağcabədi, Yardımlı OİK-nin tikintisi və Lənkəran OİK-nin yenidən qurulması işləri davam etdirilir. Goranboy, Neftçala, Tərtər Olimpiya İdman Komplekslərinin, Qala qəsəbəsində isə idman kompleksinin tikintisinin layihə-smeta sənədləri hazırlanır və yaxın zamanlarda tikintiyə hazırlıq işlərinə başlanılacaq. Bunlarla yanaşı, Yevlaxda OİK-in tikintisinin ilkin layihə sənədlərinin hazırlanmasına başlanılıb.
Hazırda Bakıda müasir standartlara uyğun beynəlxalq yarışların, o cümlədən 2015-ci ildə I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan verəcək Gimnastika Kompleksinin, idmançılara tibbi xidmətlər göstərəcək Respublika İdman Tibb Mərkəzinin, Su İdman Sarayının, 65 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunun tikintisi işləri, Stend Atıcılığı üzrə İdman Kompleksinin yenidən qurulması, Heydər Əliyev adına İdman Konsert Kompleksinin və Bakı İdman Sarayının (Əl Oyunları Sarayı) əsaslı təmir işləri aparılır. Bayıl qəsəbəsində inşa edilməkdə olan Su İdman Sarayının yanında çimərlik voleybolu, çimərlik futbolu, su polosu, 3x3 basketbol idman növləri üçün Avropa Oyunları parkının layihə-smeta sənədləri hazırlanır, ərazidə söküntü işləri yekunlaşır və tikintiyə hazırlıq işlərinə başlanılıb.
“Azərbaycan Gəncliyi 2011 - 2015-ci illərdə Dövlət Proqramı”na əsasən 10 Gənclər Evindən Mingəçevir Gənclər Evi apreldə istifadəyə verilib. Hazırda Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Şəki, Bərdə, Tovuz və Qubada Gənclər Evlərinin inşası aparılır. Şamaxıda isə yaxın zamanlarda Gənclər Evinin tikintisinə hazırlıq işlərinə başlanılacaq.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar Xəzər rayonunda Gənclər evinin tikintisi başa çatıb. Binəqədi, Sabunçu, Qaradağ və Suraxanı rayonlarında Gənclər Evinin tikintisi işləri davam etdirilir və 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Eyni zamanda Proqrama əsasən, bu il qəsəbələrdə 4 mini-futbol meydançası tikilib istifadəyə verilib, 16 müxtəlif idman təyinatlı obyektlərin layihə-smeta sənədlərinin ekspertizası və tikinti-quraşdırma işləri yerinə yetirilməkdədir.