Gəncə şəhər stadionunun əsas meydançasına yeni salınan ot örtüyünə qulluq və texniki baxış davam edir. Apasport.az saytının məlumatına görə, toxumların cücərməsi üçün lazım olan şərait – suyun, temperaturun və havanın rolu mütəxəssislər tərəfindən əvvəlcədən nəzərə alındığından işlər gözlənildiyi kimi gedir.
Meydançada işləri həyata keçirən SİS şirkətindən klubun saytına verilən açıqlamaya görə, səpilən bütün toxumların cücərməsi və qazonun yaşıllaşması tədricən davam edəcək. Belə ki, toxumlar 21 gün ərzində cücərib boy atmalıdır. Hələlik isə səpindən 18 gün keçib. Bu gün qazona xüsusi dərmanlar veriləcək.
Qeyd edək ki, Hollandiyadan gətirilən toxumların əkilməsi xüsusi texnikalarla bir gün ərzində həyata keçirilib. Meydançaya səpini nəzərdə tutulan 2 çeşid ot toxumundan biri əkilib. İlk mərhələdə meydana 160 kq toxum verilib. Digər növün səpilməsi isə avqustun ilk dekatasına planlaşdırılıb.
Xatırladaq ki, Gəncə şəhər stadionunda may ayının 11-dən başlanan işlər AFFA-nın vəsaiti hesabına aparılır.