"Klubumuzun İspaniya “Atletiko”su və Fransa “Lans”ı ilə imzaladığı əməkdaşlıq müqavilələri gənc azərbaycanlı futbolçular üçün böyük perspektivlər açır”. Lent.az-ın məlumatına görə, bunu "Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu klubun rəsmi saytına açıqlamasında deyib.
2013-cü ilin yekunları barədə danışan Kepoğlu bildirib ki, hazırda “Bakı”nın 5 futbolçusu "Atletiko"da uzunmüddətli təlim keçir. Bununla bərabər, son aylarda 4 komanda "Lans" və "Atletiko"nun düşərgəsində təlim-məşq toplantılarında olub. Onun sözlərinə görə, yeni ildə bu fəaliyyət davam edəcək: “Biz mümkün qədər çox komandamızın ölkə xaricində təlim keçməsini arzulayırıq. Bu təkcə öz klubumuzun futbolçularına aid deyil. "Bakı"nın prezidenti Hafiz Məmmədov ölkəmizdəki ən perspektivli yeniyetmə oyunçuların siyahısını hazırlamaq tapşırığı verib. Klubumuzun prezidenti onların öz hesabına Fransa və İspaniyaya göndərilməsini təmin edəcək. Bu, təkcə "Bakı"nın deyil, bütün Azərbaycan futbolunun inkişafına dəstək verəcək".