Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçı öncəsi mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, italiyalı mütəxəssis ötən il oktyabrın 16-da keçirilmiş ilk oyunla müqayisədə Azərbaycan yığmasında 8 futbolçunun dəyişdiyini bildirib.
Millimizin oktyabrın 11-də Şimali İrlandiya ilə oyununu izlədiyini deyən Kapello komandamızın layiqli qələbə qazandığını vurğulayıb: “Çox yaxşı oynayırdınız. Matça gözəl köklənmişdiniz. Buna görə də layiqli qələbə qazandınız”.
Təcrübəli mütəxəssis Rusiya yığmasındakı əslən azərbaycanlı hücumçu Aleksandr Səmədov barədə də danışıb. O bildirib ki, Bakıdakı qarşılaşma öncəsi millimizin kapitanı Rəşad Sadıqovun “Səmədovla kənarda başqa cür danışardıq” sözləri futbolçunun durumuna mənfi təsir etməyib: “Son günlər əsas diqqət Lüksemburqla oyunumuza yönəlmişdi. Səmədov bu matçda yaxşı çıxış etdi və ilk qolu vurdu. Onu məşqlərdə yaxşı vəziyyətdə gördüm və sabahkı qarşılaşmaya hazırdır”.
Kapello hər bir oyun öncəsi həyəcanlı olduqlarını desə də, Azərbaycan millisinə qarşı son 4 matçdakı kimi çıxış etməyin gərəkliyini açıqlayıb: “Mən artıq uşaqlarla danışmışam. Demişəm ki, qarşıdakı oyunda son 4 matçdakı kimi çıxış etməliyik. Hər bir oyun öncəsi həyəcan var. Amma bu narahatlığı aradan qaldırmağa çalışırıq. Bu oyun indiyədək keçirdiklərimiz qədər vacibdir və eyni səviyyədə yanaşmışıq”.
Qeyd edək ki, oktyabrın 15-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22:00-da başlanacaq.
Fabio Kapello: “Aleksandr Səmədovu yaxşı vəziyyətdə gördüm”
1271