Əziz Yıldırımın ittiham qərarı qüvvədə qaldı - YENİLƏNİB
17 yanvar 2014 20:01 (UTC +04:00)

Əziz Yıldırımın ittiham qərarı qüvvədə qaldı - YENİLƏNİB

Türkiyə Ali Məhkəməsinin (Yarğıtay) ölkə futbolunda danışılmış oyunlarla bağlı (şike) İstanbul məhkəməsinin 2 iyul 2012-ci il tarixli qərarını təsdiqləməsindən sonra “Fənərbağça” prezidenti Əziz Yıldırımın yenidən həbs olunması gözlənilir. APA-nın xəbərinə görə, 6,3 ilk azadlıqdan məhrum edilmiş Ə. Yıldırım bu müddətin yalnız 1 ilini həbsdə yatıb. Onun yerdə qalan 5,3 illik müddətin nə qədərini həbsxanada keçirəcəyi dəqiq bəlli deyil. Türkiyə hüquq sistemindəki mürəkkəbliklər səbəbi ilə bəzi hüquqşünaslar Ə. Yıldırımın 2,2 il, bəziləri isə 3,2 il həbsdə qalacağını bildirirlər.

 

Bununla yanaşı, Türkiyə parlamenti xüsusi səlahiyyətli məhkəmələrin qərarı ilə “Ergenekon”, “Balyoz”, “Şike” işləri üzrə cəza almış şəxslərin yenidən mühakimə olunması barədə qərar qəbul edərsə, Ə. Yıldırım həbs olunmayacaq. Lakin hazırkı qərarla o, “Fənərbağça” və ya başqa bir idman klubuna rəhbərlik etmək hüququnu itirib. Qanuna əsasən Yarğıtayın qərarı rəsmi şəkildə kluba göndərildikdən sonrakı 45 gün müddətində klubda yeni prezident seçkisi keçirilməlidir. Ə. Yıldırım bu seçkidə namizəd ola bilməz.    

 

Hazırda Ə. Yıldırımın Fransada istirahətdə olduğu xəbər verilir. Klubdan bildiriblər ki, məhkəmə qərarına baxmayaraq, prezident vətənə dönəcək. 

 

Yarğıtayın qərarı açıqlandıqdan sonra İstanbul birjasında “Fənər”in səhmlərinin qiyməti 35 lirədən 30,60 lirəyə düşüb.

 

Qeyd edək ki, Yarğıtay Ə. Yıldırımla birlikdə onun qardaşı Əli Yıldırım, “Fənər”in İdarə Heyətinin üzvləri Şekip Mosturoğlu və İlhan Ekşioğlu, “Beşiktaş”ın keçmiş vitse-prezidenti Sərdal Adalı, “Beşiktaş”ın keçmiş baş məşqçisi Tayfur Havutçu, futbolçular İbrahim Akın, Mehmet Yıldız, Göyçək Vederson, hazırda Qatarda çalışan baş məşqçi Bülənt Uyğun və digər şəxslər haqqında verilmiş məhkəmə hökmünü də təsdiqləyib.   

 

“Trabzonspor” klubu 2010-2011-ci il çempionluq kubokunun “Fənərbağça”dan alınıb “Trabzonspor”a verilməsi tələbi ilə Türkiyə Futbol Federasiyası və UEFA-ya müraciət etməyə hazırlaşır.

 

***

19.22

Türkiyədə ali məhkəmə funksiyalarını yerinə yetirən Yarğıtay ölkə futbolunda danışılmış oyunlarla (şike) bağlı məhkəmənin verdiyi qərarı təsdiqləyib.

 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ölkənin son apellyasiya instansiyası olan Yarğıtay “Fənərbağça” idman klubunun prezidenti Əziz Yıldırım haqqında məhkəmənin çıxardığı məhkumluq qərarını təsdiq edib. Bu qərardan sonra Ə. Yıldırımın idman klubuna rəhbərlik etmək hüququndan məhrum edilməsi gözlənilir.

 

Xatırladaq ki, məhkəmə Ə. Yıldırıma 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cızası vermişdi. Lakin o, Yarğıtayın qərarına qədər azadlığa buraxılmışdı. Ə. Yıldırımın yenidən həbs olunub-olunmayacağı hələlik dəqiqləşməyib.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Oxşar yazılar