Bütün idman tədbirləri 1 dəqiqəlik sükutla başlayacaq
11 yanvar 2014 17:13 (UTC +04:00)

Bütün idman tədbirləri 1 dəqiqəlik sükutla başlayacaq

“Dünyaca məşhur şahmatçımız Vüqar Həşimovun vaxtsız vəfatı Azərbaycan idmanı üçün böyük itkidir”. Bunu Lent.az-a gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

 

Onun sözlərinə görə, bu gecə dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster parlaq çıxışları ilə ölkəmizi bütün dünyada tanıdıb. İsmayılov bildirib ki, Həşimovun xatirəsi Azərbaycanda keçiriləcək bütün idman tədbirləri zamanı 1 dəqiqəlik sükutla yad ediləcək.

 

Qrossmeysterimizin ölümü sabiq komanda yoldaşı Teymur Rəcəbovu da sarsıdıb. Həşimovla birgə müxtəlif yarışlardan, o cümlədən birgə qızıl medal qazandıqları 2009-cu il Avropa çempionatından foto və video-görüntülərini şəxsi “twitter” hesabında paylaşan Rəcəbov bu sözləri yazıb: “Dostumuz Vüqar Həşimovun əziz xatirəsinə. Hazırda hansı hissləri keçirdiyimizi yazmağa söz tapmırıq. O, çox güclü, istedadlı insan, fövqəladə qabiliyyətə malik şahmatçı idi. Həddən artıq kədərli xəbərdir. Dəhşətlidir. Bilirdik ki, ağır xəstədir, amma bu mübarizədə sağ qalacağına ümid edirdik”.   

 

Qeyd edək ki, Vüqar Həşimov uzun sürən xəstəlikdən Almaniyanın Heydelberq klinikasında bu gecə vəfat edib. Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, Beynəlxalq Şahmat Federasiyasının 2011-ci ilin martına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. 

 

Allah rəhmət eləsin!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1603
avatar

Oxşar yazılar