Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Türkiyənin Antalya bölgəsinə yollanıb. Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis qış hazırlığını qardaş ölkədə keçirən klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcək.
Səfərdə onu köməkçisi fitnes üzrə məşqçi Volfqanq Rollf müşayiət edir. Foqts yanvarın 11-də əvvəlcə “Qarabağ”ın məşqində olub. Ağdam komandasının məskunlaşdığı otelə baş çəkən təcrübəli mütəxəssis həmkarı Qurban Qurbanovla 50 dəqiqəyədək söhbət edib. Azərbaycan futbolu haqqında müzakirələr aparan tərəflər sonra birlikdə məşq meydanına yollanıblar. Foqts “Qarabağ”ın məşqini sonadək izləyib və klubdakı millimizin futbolçuları ilə görüşüb.
Qeyd edək ki, Berti Foqts bu gün Bakı “İnter”inin “NWC Asten” (Hollandiya) komandası ilə yoxlama oyununa da baxacaq.