Türkiyənin Antalya bölgəsində olan “Neftçi” futbol komandasının hazırlıq prosesini Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da izləyib. Lent.az-ın məlumatına görə, səhər məşqinin ardından klub rəhbərliyi ilə almaniyalı mütəxəssis arasında görüş keçirilib.
Görüşdə Berti Foqts “Neftçi”nin yerli futbolçularla bağlı strategiyasını alqışladığını bildirib. Gənc futbolçulara şans verilməsini yüksək qiymətləndirən baş məşqçi gəncləşdirmə siyasətinin yaxın gələcəkdə milli üçün də çox faydalı olacağını qeyd edib. Daha sonra Foqts “Neftçi”dəki həmkarı Böyükağa Hacıyevlə birgə milliyə namizəd futbolçularla bağlı müzakirələr aparıb. O, “ağ-qaralar”ın yanvarın 15-də “Partizani” (Albaniya) və yanvarın 18-də “Fənərbağça” (Türkiyə) klubları ilə yoldaşlıq oyunlarını da izləyəcək.
Qeyd edək ki, Berti Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze və Türkiyənin “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla da görüşüb. Foqts bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək “Qəbələ” – “Tobol” (Qazaxıstan) qarşılaşmasını da izləyəcək.