İtaliyanın “Milan” futbol klubu baş məşqçi Massimiliano Alleqrini istefaya göndərib. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərar A seriyasının 19-cu turunda debütant və autsayder “Sassuolo”ya 3:4 hesablı səfər məğlubiyyətindən sonra verilib.
O, köməkçiləri ilə birgə komandanı tərk edib. “Milan”a müvəqqəti rəhbərlik texniki direktor Mauro Tassottiyə tapşırılıb. Vakant posta əsas namizədlər qismində “Milan”ın sabiq müdafiəçisi, hazırda isə Braziliya “Botafoqo”sunda çıxış edən Klarens Zeedorf və “rossonyerlər”in gənclərdən ibarət komandasının baş məşqçisi Filippo İnzaginin adları çəkilir.
İtaliya çempionatında 19 turdan sonra “Milan” 22 xalla 11-ci pillədə qərarlaşıb. Uğursuz nəticələr klubun vitse-prezidenti, ölkənin sabiq baş naziri Silvio Berluskoninin qızı Barbara Berluskonini də özündən çıxarıb. O, komandanı tənqid edərək, kadr dəyişiklikləri zamanının yetişdiyini bildirib.
Qeyd edək ki, Massimiliano Alleqri “Milan”a 2010-cu ilin iyunundan başçılıq edib. Onun rəhbərliyi altında “qara-qırmızılar” İtaliya çempionluğu və Superkubokunu qazanıb.