Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası 2014-cü il dünya çempionatının 3-cü seçmə mərhələsində mübarizəyə başlayır. Lent.az-ın məlumatına görə, J qrupunda yer alan yığmamız ilk görüşünü yanvarın 3-də keçirəcək.
Komandamız saat 19:00-da İsraili sınağa çəkəcək. Bundan 3 saat öncə isə Serbiya ilə Estoniya üz-üzə gələcək. Yanvarın 4-də saat 16:00-da Serbiya – İsrail, Estoniya – Azərbaycan, yanvarın 5-də isə eyni saatlarda İsrail – Estoniya və Azərbaycan – Serbiya matçları baş tutacaq. Oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, 3-cü mərhələdə 5 qrupda 4-ü olmaqla, ümumilikdə 20 milli komanda mübarizə aparır. Qrup qalibləri və qrup ikincilərindən ən yaxşısı dünya çempionatına vəsiqə qazanacaq.