Azərbaycanın futzal üzrə milli komandası yanvarın 28-də Belçikanın Antverpen şəhərində start götürəcək Avropa çempionatı öncəsi son təlim-məşq toplantısını Serbiyada keçirəcək. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız yanvarın 14-dək Bakıda hazırlıq keçdikdən sonra səfərə çıxacaq.
Serbiyada 11 gün – yanvarın 26-dək qalacaq komandamız bu ölkənin millisi ilə 2 yoldaşlıq görüşü keçirəcək. Yanvarın 22-də və 23-də baş tutacaq hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Daha öncə millimiz dekabrın 3-dən 13-dək Türkiyənin İstanbul şəhərində hazırlıq keçib. Komandamız Türkiyə yığması ilə 2 yoldaşlıq oyunu keçirib. İlk oyunda 4:1 hesabı ilə qələbə qazanan futzalçılarımız ikinci qarşılaşmada 4:6 hesabı ilə uduzublar.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında C qrupunda yer alacaq. Yığmamız yanvarın 31-də Sloveniya, fevralın 2-də isə İtaliya ilə üz-üzə gələcək. Çempionata fevralın 9-da yekun vurulacaq.