Azərbaycan milli komandası Rusiya yığmasını son dünya və Avropa çempionu İspaniya ilə oyundan məhrum edə bilər. Lent.az-ın “Marca”ya istinadən məlumatına görə, yoldaşlıq görüşü noyabrın 19-na planlaşdırılıb.
Lakin bu qarşılaşma yalnız o halda baş tuta bilər ki, həm Rusiya, həm də İspaniya 2014-cü il dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazansın. Görüş yeri kimi Birləşmiş Ərəb Əmirlikləri müəyyənləşdirilib. Əslində noyabrın 19-da son dünya və Avropa çempionları ABŞ-la qarşılaşmalı idi. Lakin Rusiya Futbol İttifaqının İspaniya tərəfinə daha sərfəli şərtlər irəli sürərək, razı saldığı bildirilir.
Qeyd edək ki, hazırda Rusiya millisi 21 xalla F qrupuna başçılıq edir. 2-ci pillədə qərarlaşan Portuqaliyanın 18 xalı var. Oktyabrın 15-də keçiriləcək son oyunlarda Rusiya Azərbaycanın qonağı olacaq, Portuqaliya isə qrupun autsayderi Lüksemburqu sınağa çəkəcək. Hər iki oyunda meydan sahibləri qələbə qazansa, Portuqaliya Rusiya ilə xallarını bərabərləşdirəcək. Bu zaman top fərqinə əsasən, qrupu 1-ci pillədə tamamlayan komanda müəyyənləşəcək. Hazırda Rusiya yığmasının top fərqi +15, Portuqaliyanınkı isə +8-dir.