“Malidəki Futbol Akademiyasının rəhbərliyi bəyəndiyimiz futbolçuların transferinə görə çox pul tələb edir. Düzdü, Malidə yerli çempionatda top qovanlar bizim meyarlarla qəpik-quruş qazanırlar. Ancaq söhbət transfer məsələsinə gələndə, fransızlar çox yüksək qiymət oxuyurlar”. Lent.az-ın məlumatına görə, bunu “Futbol+”a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu bildirib.
Məlumata görə, futbolçu seçmək üçün mayın 18-də Maliyə yollanan “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov vətənə dönüb. Mali səfəri ilə bağlı, “ağ-yaşıllar”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu qəzetə bildirib ki, Yunis Hüseynov Afrikada olduğu müddətdə bir neçə qarşılaşma izləyib. Həmin matçlarda 3 futbolçu xoşuna gəlib. İkisi yarımmüdafiəçi , biri isə hücumçudu. Forvard mövqeyində çıxış edən futbolçu həm də Mali yığmasının üzvüdü. Hüseynov hər üç futbolçu ilə söhbət edib, “Xəzər Lənkəran” haqda onlara məlumat verib. Hər üç oyunçu fransızların Malinin paytaxtı Bamkoda açdığı futbol akademiyasının yetirməsidi”.
Cəbrayıloğlunun dediyinə görə, rəhbərlik tələsmək istəmir. “Hər halda, iyunun 5-də klub daxili iclas keçiriləcək. Həmin toplantıda müəyyən məsələlərlə yanaşı, transfer siyasətinə də aydınlıq gələcək”.