<span style="color:red;">Bakı-2015:  Daha 5 boksçumuz medalı təmin etdi
24 iyun 2015 00:01 (UTC +04:00)

Bakı-2015: Daha 5 boksçumuz medalı təmin etdi

Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha 8 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.

 

Bu çəki dərəcələrinin 5-də kişi, 3-də qadın boksçular rinqə çıxıblar. Azərbaycan üçün uğurlu alınan gündə 6 idmançımız qüvvəsini sınayıb və onlardan 5-i 1/2 finalda iştirak hüququ qazanıb. Bununla da yarımfinala çıxan boksçularımızın sayı 9-a çatıb. Onlar bu hüquqa yiyələnməklə, ən azı bürünc medalı təmin ediblər. Sabah isə daha 2 idmançımız 1/4 final döyüşünü keçirəcək. 

 

Boks, 1/4 final mərhələsi

23 iyun

 

Kişilər

60 kq

Əvvəlki mərhələdə erməni əsilli Gürcüstan təmsilçisi Otar Eranosyana qalib gələn Albert Səlimov bu dəfə bolqarıstanlı Dmitri Elian ilə döyüşüb. Qarşılaşma təmsilçimizin xeyrinə başa çatıb. WSB liqasından Rio-2016-ya lisenziya qazanan Səlimov hər 3 raundda rəqibini məğlub edib – 3:0 (30:27; 30:27; 30:27).

 

Albert yarımfinalda Sin Makkombla (İrlandiya) döyüşəcək. Qarşılaşma iyunun 26-da saat 13:00-da start götürəcək.

 

64 kq

Bu çəkidə ölkəmizi təmsil edən Lorenzo Sotomayorun yarımfinal yolunda rəqibi Daniel Nikulesku (Rumıniya) olub. 1/4 finala qədər Dmitri Qalaqot (Moldova) və Edin Seydinoviçi (Sloveniya) mübarizədən kənarlaşdıran Kuba əsilli idmançımız üçüncü döyüşünü də qələbə ilə başa vurub. O, Nikuleskunu 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub edib.

 

Yarımfinala yüksəlməklə bürünc medalı özünə təmin edən Sotomayor bu mərhələdə Viktor Petrovu (Ukrayna) sınağa çəkəcək. Qarşılaşma iyunun 25-də saat 14:15 olacaq.

 

69 kq

1/8 finalda Vasili Belus (Moldova) üzərində qələbə qazanan Pərviz Bağırov bu dəfə almaniyalı Abass Barau ilə münasibətlərinə aydınlıq gətirib. Döyüşün startından təşəbbüsü ələ alan həmyerlimiz bunu sonadək davam etdirib. Düzdür, Barau görüşün gedişatını dəyişməyə çalışıb. Lakin bunu bacarmayan rəqib 0:3 (27:30; 27:30; 27:30) hesabı ilə uduzub. Komanda yoldaşları kimi yarımfinala vəsiqə qazanan Bağırov bununla ən azı bürünc medalı özünə təmin edib.

 

Boksçumuz finala gedən yolda böyük britaniyalı Coş Kelli ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 26-da saat 13:45-də start götürəcək.

 

91 kq

Bu çəkidə mübarizə aparan Abdulqadir Abdullayev yarımfinala vəsiqə qazanmaq üçün fransız Pol Bionqolo Ombanı mübarizədən kənarlaşdırıb. Hər 3 raundda (30:27; 30:27; 30:27) rəqibindən üstün olan təmsilçimiz mərhələ adlamaqla, ən azı bürünc medalı da özünə təmin edib.

 

Abdullayev yarımfinalda Sadam Maqomedovla (Rusiya) gücünü yoxlayacaq. Final uğrunda görüş iyunun 26-da 14:30-da keçiriləcək.

 

Qadınlar

54 kq

Yığmamızın daha bir üzvü Anna Əlimərdanova kifayət qədər güclü rəqiblə qarşılaşıb. Təmsilçimiz bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə döyüşüb. Mübarizəyə bu mərhələdən başlayan idmançıların görüşü təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Əlimərdanova görüşü 3:0 (39:37; 38:38; 38:38) hesabı ilə aktivinə yazıb. İdmançımız yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edən 5-ci boksçumuz olub.

 

Əlimərdanova finala gedən yolda rusiyalı Yelena Savelyeva ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 25-də saat 12:00-da başlayacaq.

 

64 kq

Avropa Oyunlarında ilk görüşünə çıxan qitə çempionu və dünya ikincisi Yelena Vıstropova bu mərhələdə Rayan Sandi (Böyük Britaniya) ilə qarşılaşıb. Görüş boksçumuz üçün uğurlu alınmayıb və o, məğlubiyyətə üzülüb. 1/8 finalda almaniyalı Sindi Roqq üzərində qələbə qazanan böyük britaniyalı ikinci döyüşü 2:1 (39:36; 40:35; 37:38) hesabı ilə xeyrinə bitirib.

 

Qeyd edək ki, bir gün öncə 1/4 final qarşılaşmasına çıxan 5 boksçumuzdan 4-ü mərhələ adlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar