“Çelsi” futbol klubunun yarımmüdafiəçisi, fransalı N’Qolo Kante İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
APA-nın məlumatına görə, Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşısı seçilən N.Kante Eden Azar (“Çelsi”), Zlatan İbrahimoviç (“Mançester Yunayted”), Harri Keyn (“Tottenhem”), Romelu Lukaku (“Everton”) və Aleksis Sançesi (“Arsenal”) qabaqlayıb.
26 yaşlı N.Kante İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu adını qazanan sayca üçüncü fransalı futbolçudur. Əvvəllər adıçəkilən mükafata “Arsenal” klubunun oyunçuları Patrik Vieyra (2001) və Tyerri Anri (2004, 2006) layıq görülüblər.