<b>Azərbaycan çempionu tarix yazdı</b>
29 noyabr 2017 21:40 (UTC +04:00)

Azərbaycan çempionu tarix yazdı

Kişi voleybolçular arasında “Challenge Cup” turnirinin II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən Azərbaycan çempionu “Lokomotiv” ikinci matçında Kiprin “Apoel” klubunun qonağı olub.

 

Fərid Cəlalovun rəhbərlik etdiyi komanda ilk qarşılaşmada 3:0 hesabı ilə qalib gəlsə də, cavab görüşü gözlənildiyi kimi çətin keçib.

 

Matça təmsilçimiz üstün başlayıb və ilk setdə qələbə qazanıb. Ancaq sonradan toparlanan meydan sahibləri ardıcıl iki hissəni qələbə ilə başa vurublar. Vəziyyətin dəyişdiyini başa düşən komandamızın baş məşqçisi Fərid Cəlalov taktiki gediş edib.

 

Belə ki, 4-cü seti rəqibə “hədiyyə” edən mütəxəssis əsas oyunçularını həlledici – “qızıl set” üçün saxlayıb. Qarşılaşmanın əsas hissəsi “Apoel”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.  “Qızıl set”də isə Cəlalovun taktikası özünü doğruldub. 15:11 hesablı qələbə qazanan “dəmiryolçular” ilk dəfə qatıldıqları “Challenge Cup”da 1/16 final mərhələsinə yüksələrək tarix yazıblar.

 

29 noyabr

“Challenge Cup”

II təsnifat mərhələsi, cavab oyunu

 

“Apoel” (Kipr) - “Lokomotiv” (Azərbaycan) - 3:1 (19:25, 25:22, 25:11, 25:15)

Qızıl set: 11:15

 

İlk oyun: “Lokomotiv” (Azərbaycan) – “Apoel” (Kipr) - 3:0 (25:20, 25:21, 25:19)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar