“Sanki bizdə ötürmə verib canlarını qurtarırlar, “Atletiko”da isə...” - RƏYLƏR
28 dekabr 2013 12:03 (UTC +04:00)

“Sanki bizdə ötürmə verib canlarını qurtarırlar, “Atletiko”da isə...” - RƏYLƏR

“Bakı”nın 14 yaşadək futbolçulardan ibarət komandası İspaniyada keçirdiyi təlim-məşq toplanışını başa vurub. Lent.az-ın məlumatına görə, 2 həftəlik hazırlıq dövründə “Atletiko”nun uşaq futbol akademiyasında təlim keçən komanda üzvləri Madridin tarixi yerlərini gəzmək imkanı da qazanıblar.

 

Artıq Vətəndə olan “Bakı”nın yetirmələri səfər təəssüratlarını klubun rəsmi saytı vasitəsilə bölüşüblər.


Rəşid Əliyev: “İlk vaxtlar hazırlıqlar ağır keçirdi. Təxminən “Bakı”da keçdiyimiz məşqlərin oxşarını gördük. Ancaq orda topla çalışmalar daha sürətli gedirdi. “Atletiko” bizi yaxşı qarşıladı və yerli uşaqlarla ünsiyyətimiz də normal alındı. Necə deyim, ilk günlər çətinliyimiz dillə bağlı oldu. Bunun da həll yolunu tapdıq. Belə ki, kənardan verilən tapşırıqları izlədikdən sonra biz də həmin təmrinləri icra edirdik. “Atletiko”nun düşərgəsində daha çox toplu çalışmalar azərbaycanlı futbolçularda irəliləyiş yaratdı. Bu imkanı bizə yaratdığına görə “Bakı”nın prezidenti Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm”.

Adıgözəl Qəlbinur: “Məşqlər çox xoşumuza gəldi. Bəri başdan dillə bağlı problemin olacağını bilirdik. Tədricən bu çətinliyi də aradan qaldırdıq. Bundan başqa, ara ötürmələri və hücuma çıxarkən cəld hərəkətlərə də alışdıq. Əsasən İspaniya futboluna xas qısa ötürmələr üzərində çox çalışdıq. Məşq saatları “Bakı”dakı ilə eyni idi. Ancaq Madriddə məşqlər daha ağır və sürətli keçirilirdi. Eyni zamanda bu səfər bizim yeni ölkə görməyimiz baxımından da əlamətdar oldu”.

Rauf Hüseynli: “Əvvəlcə gördüyümüz məşqlər bizə ağır gəldi. Amma əlimizə düşən şansdan layiqincə yararlanmalı idik. Bu üzdən, var gücümüzlə çalışdıq ki, ispaniyalı futbolçulardan geri qalmayaq. Verilən tapşırıqlar burda keçdiklərimizin oxşarı idi. Düşündük ki, hər şey rahat olacaq. Ancaq təmrinlərin sürətli icra olunması bizi daha çox çalışmağa və fiziki hazırlığı yüksəltməyə sövq etdi. Sanki bizdə ötürmə verib canlarını qurtarırlar. Lakin İspaniyadakı məşqlərdə ötürmə verərkən dərhal top qəbul etmək üçün özünə yer seçməli idin. Biz orada qazandığımız təcrübədən daxili çempionatda daha çox yararlanacağıq. Toplanış müddətində 4 yoxlama görüşü keçirdik ki, onların 2-ni qələbə, 2-ni isə məğlubiyyətlə bitirdik. Ancaq bu görüşlərin özü də biz futbolçulara müəyyən təcrübə qazandırdı. Hətta qarşılaşmalardan sonra qaldığımız otelə gələrkən, öz səhvlərimizi təhlil edib, daha yaxşı oynamağın yolları haqda düşünürdük”. 

Riad Abbaszadə: “Məşqlər ağır olsa da, ölkəmizi layiqincə təmsil etdik. Əlimizə düşən ən gözəl şanslar sırasında “Atletiko”nun Çempionlar Liqasında Portuqaliya “Portu”su və daxili çempionatda “Valensiya” ilə keçirdiyi görüşləri “Visente Kalderon” stadionundan canlı izləməyimiz oldu. Bu, 14 yaşlı uşağın yaddaşında silinməz izlər buraxacaq. Boş vaxtımızda isə Madridin görməli yerləri ilə bərabər “Atletiko”nun muzeyi ilə də tanış olduq. Burada komandanın tarixinə aid formalar, toplar, butslar, xatirə şəkilləri və digər eksponatlar sərgilənirdi. Bu şansı bizə yaratdığına görə klub prezidenti Hafiz Məmmədova dərin təşəkkürümüzü bildirir və onun etimadını doğruldacağımıza söz veririk”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592
avatar

Oxşar yazılar