2013-cü ildə dünyanın ən yaxşı futbolçusunun seçimi məqsədilə aparılan səsvermə ilə bağlı daha bir qalmaqal yaranıb. Lent.az-ın məlumatına görə, bu dəfə Albaniya millisinin baş məşqçisi Canni De Byazinin açıqlamaları şok effekti yaradıb.
O bildirib ki, “Qızıl top” seçimində Kriştianu Ronalduya 5, Lionel Messiyə 3, Zlatan İbrahimoviçə 1 xal verib: “Mən İbrahimoviçə 5 xal verməmişəm. Onlar özlərindən uydurublar”.
Daha öncə Qətər millisinin baş məşqçisi Fahad Əl-Zarraa Ronalduya sifarişlə səs verdiyini bildirib: "Qətər Futbol Federasiyasının prezidenti mənə dedi ki, səsini Ronalduya ver. Bununla Yozef Blatterə 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsinə yardım etdiyi üçün təşəkkürümüzü ifadə etdik”.
Qeyd edək ki, 2013-cü ilin yekunlarına əsasən, “Qızıl top” mükafatı Kriştianu Ronalduya verilib.