Azərbaycanın iddialı klubları Avropa kuboklarına vəsiqə təqdirində rəqiblərini qəbul edəcəkləri stadionları müəyyənləşdiriblər. Lent.az-ın məlumatına görə, qış çempionu “Qarabağ” yenə Tofiq Bəhramov adına Respublika stadionunun xidmətindən yararlanacaq.
Tarixində ilk dəfə qitə miqyaslı turnirlərə qatılmağa çox yaxın olan “Qəbələ” də mərkəzi arena ilə müqavilə bağlayıb. “Neftçi” “Bakcell Arena”nı, “İnter” isə “Şəfa” stadionunu seçib. “Bakı” isə Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”ya üz tutacaq. “Simurq” Zaqatala Olimpiya Kompleksinin stadionunu, AZAL isə “AZAL Arena”nı göstərib. “Xəzər Lənkəran” Lənkəran şəhər stadionunda çıxış edəcək.
Qeyd edək ki, çempionatın autsayderləri “Rəvan” və “Sumqayıt” klubları hələ Avropa kubokları üçün stadionlarını müəyyənləşdirməyiblər.