Avroliqadakı təmsilçimiz “Qarabağ” sabah növbəti sınağına çıxacaq. Kiyevdə “Dnepr”lə baş tutacaq qarşılaşma Ağdam klubu üçün böyük əhəmiyyət kəsb edir. “Qarabağ”ın qrupdakı taleyi bu oyunlardan asılıdır. Lent.az-a açıqlama verən tanınmış idman jurnalistləri də məhz bu fikirdədirlər.
Kənan Həsənov (“Futbol+” qəzetinin redaktoru):
“Qarabağ” sabah taleyüklü oyuna çıxacaq. Ona görə ki, məhz “Dnepr”lə qarşılaşmalar komandamızın qrupdakı mövqeyinə böyük ölçüdə aydınlıq gətirəcək. Bu üzdən “Dnepr”lə matçı əvvəlki iki oyundan da çətin sayıram. Rəqib kifayət qədər samballı komandadır. Nəyə qadir olduğunu görmək üçün Ukrayna çempionatına baxmaq kifayətdir. “Dnepr” hələ SSRİ çempionatında bizim “Neftçi” ilə dəfələrlə qarşılaşıb və böyük üstünlüyə malik olub. Kifayət qədər balanslaşdırılmış heyətə malik döyüşkən kollektivdir. Fikrimcə, “Qarabağ”a Kiyevdə çox çətin olacaq. 1 xal əldə edə bilsək, bunu böyük qazanc saymaq olar. “Qarabağ”ın məqsədi qrupdan çıxmaqdırsa, bu oyundan xalla dönməsi vacib şərtdir. Çünki əvvəlki 2 oyunda 5 xal itirilib və növbəti məğlubiyyət komandamızın qrupda qalmasını böyük ölçüdə şərtləndirə bilər. Amma ümid edək ki, “Qarabağ” çətin səfərdən alnıaçıq dönməyi bacaracaq”.
Pərviz Musayev (“Lider TV”nin sabiq əməkdaşı, Velosiped Federasiyasının mətbuat katibi):
“Məhsuldar heç-heçə olacaq. Məhsuldarlığı nə ilə izah edərdim? Həm “Dnepr”ə, həm də “Qarabağ”a qələbə lazımdır. Buna görə də mütləq şəkildə hücum futbolu izləyəcəyik. Amma sonda heç-heçə ilə kifayətlənəcəklər. Mənim şəxsi fikrim belədir ki, oyun heç-heçə ilə nəticələnəcək”.
Mehman Süleymanov (“Qəbələ” İK qəzetinin əməkdaşı):
"Qarabağ"ın qrupdan çıxmaq perspektivinə məhz "Dnepr"lə sınaq aydınlıq gətirəcək. Özü də təkcə Kiyevdəki oyunla məsələyə qiymət vermək düzgün olmazdı. Yəni bundan sonra Bakıdakı matçı da nəzərə almalıyıq. Adətən qrup mərhələsində eyni rəqiblə ardıcıl oyunlar həlledici olur. Fikrimcə, "Qarabağ"ın "Dnepr"dən azı 4 xal alması - səfərdə heç-heçə etməsi, evdə qələbə qazanması realdır. Bu halda 2-ci yerə şansımız artacaq. Çünki xallar bərabər olanda ilk növbədə şəxsi oyunlar nəzərə alınır və bu zaman "Dnepr"dən üstün olacağıq. Onu da nəzərə alaq ki, digər rəqibimiz "Sent-Etyen"i "İnter"lə çətin oyunlar gözləyir. Milanlıların məhz bu 2 matçda qrupdan çıxmaq vəzifəsini vaxtından əvvəl yerinə yetirəcəyini düşünürəm. "Qarabağ" 5-ci turda Fransaya səfər öncəsi "Sent-Etyen"dən irəlidə olsa, nəticə qazanmağa daha böyük motivasiyası olacaq. Son turda isə Bakıya formal xarakterli səfərə gələcək "İnter"dən xal almaq mümkündür”.
Anar Xanlarov (Rekord.az saytının redaktoru):
“Çox çətin oyun olacaq. Rəqibin Dneprepetrovskda yox, Kiyevdə oynaması, matçın azarkeşsiz keçirilməsi "Qarabağ" üçün üstünlük sayılsa da, ümumilikdə favorit "Dnepr"dir. Etiraf edək ki, Ukrayna klubu hazırda güclü heyətə malikdir və Ukrayna çempionatının vahid lideridir. Bununla belə, "Qarabağ"ın bu səfərdən xalla, hətta qələbə ilə dönmək şansı var. Ancaq bir şərtlə ki, yaradılan imkanları sağa-sola xərcləməsinlər. Avroliqa Azərbaycan çempionatı deyil ki, birini boşa verdin, digərini vurasan. "Sent Etyen" və "İnter"lə oyunlarda "Qarabağ"ın qələbəsinə məhz bu amil mane oldu. Bu dəfə tam diqqətli olmaq lazımdır. Məncə, "Qarabağ" imkanları sağa-sola xərcləməsə, qələbə də qazana bilər. Bir də düşünürəm ki, Qurban Qurbanov Reynaldo ilə xüsusi söhbət etməlidir. Braziliyalı futbolçunun son zamanlardakı hədsiz xəsisliyi də komandanın əleyhinə işləyir. Reynaldo bunu dərk etməlidir”.
Ruslan Sadıqov (“Çempion” qəzetinin redaktoru):
"Qarabağ" qrupdakı ilk iki görüşdə 1 xal toplasa da, 6 xala layiq oyun nümayiş etdirdi. Hər kəs də bu komandanı alqışladı. Bizim digər klublarımızdan və milli komandamızdan tələbimiz də elə budur: uduzsan da, baxımlı oyun göstər. Təsəvvür edin ki, İtaliya, Fransa kimi böyük futbol ölkələrində də "Qarabağ"dan ağızdolusu danışılır. Bu özü böyük işdir. Əgər qrupdan çıxmaq şansımız varsa, niyə də bunun üçün çalışmayaq? Fikrimcə, "Dnepr"lə oyunlar "Qarabağ"ın qrupdakı taleyini böyük ölçüdə müəyyənləşdirəcək. Bir sözlə, bu, bizim üçün "qıfıl" oyunlardır. Bu "qıfıl"ı açmaq üçün də "Dnepr"dən minimum 4 xal almaq lazımdır. Əgər bunu bacarsaq, daha bir xəyalımız gerçək olar və "Qarabağ"ı növbəti mərhələdə də görə bilərik. Ancaq unutmayaq ki, "Dnepr" də bizimlə oyunlara eyni gözlə baxır. Rəqibimiz Çempionlar Liqasında hələ də uduzmayan "Şaxtyor" və Avropa Liqasında qələbələri sıralayan "Dinamo"nun (Kiyev) da iştirak etdiyi Ukrayna çempionatına başçılıq edir. Bu, "Dnepr"in nə qədər təhlükəli komanda olduğunu göstərir. İnşallah, "Qarabağ" Kiyevdən Vətənə qələbə ilə qayıdar. Qurban Qurbanovun və oyunçularının bunu bacaracaq gücləri var".