Biləcəridə baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədli həbs olunub.
Lent.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmə Əhməd Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
***
7 may, saat 10:58
İctimai fəal Əhməd Məmmədli saxlanılıb.
Lent.az-ın məlumatına görə, o, Biləcəridə baş verən bıçaqlanma hadisəsi ilə bağlı istintaqa cəlb edilib.
Belə ki, mayın 6-da saat 22 radələrində 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Bilcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.
***
saat 09:23
Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində baş verib.
37 yaşlı Dünyamalıyev Vüqar Rasim oğlu qarnından kəsilmiş-deşilmiş xəsarətlər alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı Cəlilabad rayon sakini Məmmədli Əhməd Vüqar oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.