“Neftçi”nin prezidentinin sözü yerə düşdü
08 yanvar 2014 16:29 (UTC +04:00)

“Neftçi”nin prezidentinin sözü yerə düşdü

Böyükağa Hacıyev yenidən baş məşqçi oldu

 

“Neftçi” futbol komandasının yeni baş məşqçisi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Böyükağa Hacıyev təqribən yarım illik fasilədən sonra postuna qayıdıb.

 

Hacıyev Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”suna məğlubiyyətin ardından flaqmanın baş məşqçi postunu tərk etmişdi. 2013-cü il iyulun 17-də Bakıda, iyulun 23-də isə Korçada keçirilmiş görüşlərin əsas vaxtında hesab açılmamış, əlavə vaxtda isə “Skenderbeu” qələbə topunu vurmuşdu – 1:0. 55 yaşlı mütəxəssis daha sonra klub prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsinə gətirilmişdi. Komanda isə əvvəlcə onun keçmiş köməkçisi Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusuna tapşırılmışdı. Əhmədov ötən il oktyabrın 23-də Azərbaycan Superkuboku uğrunda görüşdə “Xəzər Lənkəran”a 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi. Həmin vaxt Sadıqov Lent.az-a eksklüziv açıqlamasında Hacıyevin baş məşqçi postuna qaytarılma variantını təkzib etmişdi: “Xeyr. Böyükağa müəllim istefa verib. Elə məsələlər var ki, burada açıqlaya bilmərəm. Bilirsiniz, onun səhhətində də problemlər var. Amma yenə bizim yanımızdadır. Müşavirimdir. Bizə yeni bir güc, yeni baş məşqçi gəlməlidir. Yaxşı formalaşmış komandamız var. Amma Hacıyevin baş məşqçi təyin olunması gündəlikdə deyil”.

 

Daha sonra baş məşqçi postuna Nazim Süleymanov təyin olunmuşdu. Süleymanovun rəhbərliyi altında “Neftçi” Topaz Premyer Liqasında 8 oyunda 4 qələbə, 1 heç-heçə, 3 məğlubiyyətlə üzləşərək, 13 xal yığa bilmiş və ikinci dövrəni 34 xalla 3-cü pillədə başa vurmuşdu.

 

Qeyd edək ki, istər Tərlan Əhmədov, istərsə də Nazim Süleymanovun baş məşqçiliyi dövründə Hacıyev mətbuata hər müsahibəsində komandanın çıxışından narazılığını bildirir, onların işinə dolayısı ilə müdaxilə edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1526
avatar

Oxşar yazılar