“Neftçi” klubunun Türkiyənin Antalya şəhərində Qazaxıstan “Aktobe”si ilə nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq. Lent.az-ın məlumatına görə, “Aktobe”nin rəsmi saytı Azərbaycan klubunun bu oyunda iştirakdan imtina etməsini səbəb göstərib.
Hazırda Qazaxıstan komandasının heyətində Ermənistan yığmasının müdafiəçisi Robert Arzumanyan çıxış edir. Habelə, düşmən ölkə millisinin müdafiəçisi Levon Ayrapetyan ilə yarımmüdafiəçisi Maros Pizzelli də “Aktobe”də baxışdadır. Oyun isə yanvarın 18-də keçirilməli idi.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə “Aktobe” ilə görüşdən imtina etdiklərini təsdiqləyib. O, Türkiyə “Fənərbağça”sı ilə də yoldaşlıq görüşünün vaxtının dəyişdirilərək, eyni günə salınmasını səbəb göstərib: “Əslində “Fənərbağça” ilə yanvarın 17-də qarşılaşmalı idik. Amma sonradan oyun bir gün sonraya, saat 22:00-a salındı. “Aktobe” ilə oyunumuz isə yanvarın 18-də saat 16:00-da başlamalı idi. “Fənər” önünə əsas, “Aktobe”yə qarşı isə daha çox ehtiyatda qalan oyunçularımızı buraxmaq istəyirdik. Hər iki matç “Mardan” stadionunda baş tutmalı idi. Amma “Fənər”lə oyunumuzun biletləri satışa çıxarılarkən, qarşılaşmaya marağın böyük olduğu üzə çıxıb. Bu səbəbdən, stadion rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirməyi və həmin gün “Mardan”da başqa bir görüşün keçirilməməsini qərara alıb. Ona görə də “Aktobe” ilə oyundan imtina etməli olduq”.
“Aktobe”nin heyətində erməni futbolçuların yer alması səbəbindən “Neftçi”nin oyuna çıxmaq istəmədiyi barədə ehtimallara gəldikdə, Abbaszadə bunu əsassız adlandırıb. O bildirib ki, flaqman üçün rəqibin heyətində erməninin yer alıb-almamasının fərqi yoxdur və komandamız bütün oyunlara qələbə üçün çıxır.