Uğursuz nəticələrdən bezən “Neftçi” rəhbərliyi çıxış yolunu məşqçi dəyişikliyində görür. Apasport.az xəbər verir ki, son illər dəfələrlə çalışdırıcı dəyişən, əksər hallarda da Vəli Qasımov, Samir Əliyev, Elxan Abdullayev kimi təcrübəsizlərə güvənən klub bu dəfə fərqli addım atmaq niyyətindədi.
Elxan Abdullayevlə yolların ayrılacağı dəqiqdi. “Qarabağ”la son tur matçından sonra bu mütəxəssislə vidalaşmaq qaçılmazdı. Paytaxt klubu nəticədən asılı olmayaraq, səhvləri sıralayan, etimadı doğrultmayan Abdullayevə növbəti şansı verməyəcək. Artıq klubdaxili məsləhətləşmələr aparılır və yeni məşqçi seçimi edilir.
Müşahidə Şurasının sədri Çingiz Abdullayev təcrübəli birinə güvənilməsində israrlıdı. Elxan bəy təyinat almamış Ağasəlim Mircavadovla razılaşan, son anda sponsorların istəməməsi üzündən geri çəkilən sədr bu dəfə klub rəhbərliyindən daha doğru seçim istəyir. İlkin namizədlər də bəllidi. “Kəpəz”dəki işi ilə diqqət çəkən Şahin Diniyev, komandanı vaxtilə çempion etmiş Arif Əsədov, eləcə də digər sabiqlər - Nazim Süleymanov, Ağasəlim Mircavadov və Vaqif Sadıqov namizədlikləri müzakirə olunan əsas simalardı. Amma bu adlar AFFA ilə də razılaşdırılmalıdı, çünki “Neftçi”də qərarlar yalnız klub daxilində verilmir. İstənilən halda, “Neftçi” yay hazırlığına yeni məşqçi ilə başlayacaq. May ayı ərzində Abdullayevin xələfi müəyyənləşəcək ki, sonradan vaxt azlığı, planların müəyyənləşdirilməsi ilə bağlı əlavə problemlərə şərait yaranmasın.
futbolinfo