“Mustafa Dənizlidən komandanı gücləndirməsini istədim”  - MÜSAHİBƏ
22 dekabr 2013 00:37 (UTC +04:00)

“Mustafa Dənizlidən komandanı gücləndirməsini istədim” - MÜSAHİBƏ

Futbol üzrə Topaz Premyer Liqasında mövsümün ilk yarısının son tur matçında “Sumqayıt” üzərindəki 4:3 hesablı qələbənin ardından “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov klubun rəsmi saytına müsahibə verib. Lent.az-ın məlumatına görə, Mənsimov komandanın cari mövsümdəki çıxışı, Con Toşakın istefası və Mustafa Dənizlinin komandanın sükanı arxasına gətirilməsi barədə fikirlərini bildirib, qarşıdakı planlardan danışıb...

 

- “Sumqayıt”la oyun barədə fikirlərinizi bilmək istərdik...

 

- Açığı, komandamızın oyunundan razı qalmadım. Xüsusən, ikincı hissədə göstərilən oyun məni qane etmədi və “Xəzər Lənkəran” kimi güclü kollektivin gənc və yeniyetmələrdən qurulmuş “Sumqayıt”la oyunda qapısından 3 top buraxması problemlərin hələ də qaldığına işarədir. Biz məhz bu və digər problemlərin həlli üçün tanınmış mütəxəssis Mustafa Dənizlini komandamızın sükanı arxasına gətirmişik. İndicə baş məşqçimizin mətbuat konfransında söylədiyi fikirlərlə tanış oldum. Mustafa bəy də oyundan tam olaraq razı qalmayıb. Bununla belə, qarşıda uzun bir fasilə dönəmi var və “Xəzər Lənkəran” fasilədən maksimum yararlanıb əvvəlki əzəmətini geri qaytarmalıdır.

 

- Con Toşak istefa verdikdən sonra futbol ictimaiyyəti sizin uelsli mütəxəssisin gedişinə münasibətinizlə tanış deyil. Maraqlıdır, sizcə Toşak kimi mütəxəssis niyə “Xəzər Lənkəran”a uğur qazandıra bilmədi?

 

- Toşak kimi mütəxəssisin Azərbaycan futboluna gətirilməsi ölkəmizdə futbolun təbliğatı baxımından çox önəmli idi. Yaxında klubumuzun iki nümayəndəsi İngiltərənin paytaxtı Londonda işgüzar səfərdə olub. Onların da söylədiyinə görə, Toşakın timsalında “Xəzər Lənkəran” və Azərbaycan futbolu haqqında istənilən yerdə rahat diskussiya aparmaq olur. Amma bu, işin birinci tərəfidir. Digər əsas məqam Toşakın təcrübəsindən yararlanıb “Xəzər Lənkəran”ı adət etdiyimiz yerlərə daşımaq, daha böyük uğurlar qazanmaq idi. Təəssüf ki, Con Toşakın işində buraxdığı səhvlər ona mane oldu. Onun futbolçulara yanaşma tərzi, məşqçilər korpusunu ilk gündən doğru şəkildə formalaşdıra bilməməsi, transfer zamanı yanlış siyasət yürütməsi sonda istefası ilə nəticələndi. Rəhbərlik olaraq, Toşaka ilk gündən lazımi dəstəyi verdik. Belə olmasaydı, Avroliqada alınan uğursuz nəticədən sonra onun istefasını qəbul edərdik. Amma o zaman istefasını qəbul etməyib Toşakla yolumuza davam etdik, ona dəstək olduq. Di gəl ki, komandanı irəli aparmağı bacarmadı və getmək qərarını verdi.

 

- Mustafa Dənizli də tanınmış məşqçidir. Sizcə, Toşakdan fərqli Dənizli rəhbərliyin etimadını doğrulda biləcəkmi?

 

- Toşakın gedişindən sonra biz bir neçə gün məsləhətləşmələr apardıq, uğursuz nəticələri analiz edərək əvvəl buraxılan səhvləri nəzərdən keçirdik. Belə də namizədlər arasında Mustafa Dənizli üzərində dayandıq. Cünki o, mentalitet olaraq bizə çox yaxındır, intizamı sevəndir və qardaş Türkiyəki uğurları ilə yanaşı, qonşu İranda çalışıb nəticə verməsi də Dənizlinin əlavə üstünlükləridir.

 

- Qarşıda qış transfer pəncərəsi var və azarkeşləri ən çox maraqlandıran komandanın gücləndirilməsidir. Lazımi transferlər həyata keçiriləcəkmi?

 

- Baş məşqçinin transfer siyasətinə qarışmırıq. Bu, həmişə belə olub. Komandamızı çalışdıran heç bir mütəxəssis deyə bilməz və deməyib də ki, rəhbərlik transfer dönəmində mənim işimə müdaxilə edib. Gizlətmirəm, biz rəhbərlik olaraq bu mövsüm iki futbolçunu heyətə qatmışıq. Bunlardan biri komandamızın seleksiyaçı-məşqçisi Mario Souzanın təklif etdiyi Deyvid Sakkoni və bizim bir neçə müddətdir izlədiyimiz Etame Mbilladır. Hər iki futbolçunun keçidində də son sözü Toşak deyib. Onlar komandamıza öz oyunları ilə xeyir verirlər. “Xəzər Lənkəran”ın baş məşqçisi transfer məsələlərində əsas söz sahibidir. Xüsusilə də qeyd edirəm ki, legionerlərlə yanaşı, azərbaycanlı futbolçuların keçidi də baş məşqçinin səlahiyyətindədir. Mustafa Dənizli də transfer siyasətində tam olaraq azaddır və onun istədiyi futbolçuları heyətə cəlb edəcəyik. “Sumqayıt”la oyun sonrası Dənizli ilə görüşümdə bunu xüsusi olaraq vurğuladım ki, fasilə dönəmində lazımi transferləri həyata keçirsin və komandanı gücləndirsin!

 

- “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra həbs olunan 5 azarkeş haqqında fikirləriniz necədir?

 

- “Xəzər Lənkəran” klubu rəhbərliyi komandamıza dəstək verən bütün azarkeşlərin arxasındadır. Sivil yolla tribunalarda bizi dəstəkləyən istənilən azarkeşin fikirlərinə hörmətlə yanaşmışıq və mütəmadi olaraq şəxsən özüm də bir neçə dəfə fəal azarkeşlərlə görüşlər keçirmişəm. Hazırda həbsdə olan azarkeşlərin durumu ilə maraqlanmaq üçün klubumuzun icraçı direktoru Höccət Hacıyev tərəfimdən bu məsələnin araşdırılmasına təhkim olunub. O, tez-tez işi aparan müstəntiq və prokurorla görüşüb mövcud vəziyyət barədə mənə məruzə edir. Əgər məhkəmə orqanları, işi aparan müstəntiq həbs olunan azarkeşlərin hər hansı iğtişaşın iştirakında təqsirli olmasını sübuta yetirsə, bizim qanunun tərəfində olmaqdan başqa yolumuz yoxdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039
avatar

Oxşar yazılar