“Neftçi” klubunun sabiq baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi
- Hazırda nə işlə məşğulsunuz: İstirahət davam edir, yoxsa hansısa yenilik var?
- İstirahət deyəndə ki, “Neftçi”dən ayrılandan bəri işsizəm. Hələlik təklif-filan yoxdur. Gözləyirik.
- Bir ara adınız “Sumqayıt”la yanaşı hallandı. Bu klubda çalışmaq variantı vardı?
- Xeyr, nə təklif olub, nə də danışıq. AFFA-nın təşkil etdiyi məşqçi kursları çərçivəsində “Sumqayıt”ın “Simurq” və “Neftçi” ilə oyununu canlı izlədim. Yəqin, məni stadionda görən jurnalist elə bilib ki, “Sumqayıt”a baş məşqçi gələcəyəm.
- Bəs əsas və aşağı yaş qrupları üzrə milli komandalarda çalışmaq təklifi olmayıb?
- Yox, AFFA-dan kimsə zəng etməyib.
- “Neftçi”nin çıxışını izləyirsiniz?
- Məhz “Neftçi”ni yox, çempionatı izləyirəm. İddialı klubların oyunlarını qaçırmamağa çalışıram.
- “Neftçi”nin oyununda hər hansı bir dəyişiklik hiss edirsiniz?
- Heç bir məşqçi gələn kimi ciddi dəyişikliklər edə bilməz. Nazim Süleymanov 2 aydır orada işlər. Dəyişiklik qış fasiləsindən sonra ola bilər.
- “Neftçi” hazırda 3 pillədə olmasına və liderdən cəmi 2 xal geri qalmasına rəğmən, Nazim Süleymanovun üzərində böyük təzyiq var. Hətta, istefası da gündəmə gəlib...
- Nazim bəyə heç nəyə fikir vermədən işini davam etdirməyi məsləhət görürəm. “Neftçi” elə komandadır ki, orada həmişə yüksək nəticələr tələb olunur. Nazim müəllim səbirlə hərəkət edir. Bilirəm ki, bir nəfər tərəfindən onun işinə müdaxilə olunur. Onun ayağının altını qazmasalar, Azərbaycan futboluna çox xeyir verə bilər. Süleymanov tanınmış, bəlli futbol karyerası olan şəxsiyyətdir. “Neftçi” onun savadından, təcrübəsindən bəhrələnməlidir. Ona vaxt lazımıdır. Əminəm ki, qış fasiləsindən sonra sözünü deyəcək, komandada irəliləyiş olacaq.
- Yəqin ki, “bir nəfər” deyəndə, hazırda klub prezidentinin müşaviri olan Böyükağa Hacıyevi nəzərdə tutursunuz?
- Aydın məsələdir, bunu bütün Azərbaycan bilir. Nazim müəllimə rahat işləmək üçün imkan verməlidirlər. “Qarabağ” 2 xal qabaqdadır, çempion deyil ki. “Neftçi” tutulunu qorumaq iqtidarındadır.
- Böyükağa Hacıyevi Nazim Süleymanov üçün təhlükə saymaq olar?
- Konkret cavab verəcəyəm: bəli! Nazimə bütün zərbələr Böyükağa tərəfdən gələcək. Hamı deyir ki, yerli məşqçilər işləsin. Ancaq yerilərin bir-birinin ayağının altını qazması hamımızı uçuruma aparır.