Rusiyanın “Anji” klubu Ukrayna “Şaxtyor”unun futbolçusu Villianı transfer edib. Lent.az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçi fevralın 1-də tibbi müayinədən keçdikdən sonra Mahaçqala təmsilçisi ilə 4 illik müqavilə bağlayacaq.
Onun əmək haqqı ildə 2,5 milyon avro olacaq. Braziliya yığmasının oyunçusunun keçidi qarşılığında “Anji” “Şaxtyor”a 35 milyon avro ödəyəcək. Villian Rusiya çempionatı tarixində 3-cü ən bahalı oyunçu sayılacaq. İlk 2 pillə Halka 60 milyon avro, Aksel Vitselə isə 40 milyon avro ödəmiş “Zenit”ə məxsusdur.
Qeyd edək ki, Villianla İngiltərənin “Çelsi” klubu da maraqlanırdı. Lakin “sambaçı” daha yüksək əmək haqqı təklif edən “Anji”ni seçib. Villian “Şaxtyor”a 2007-ci ildə Braziliya “Korintians”ından keçib. O, Donetsk komandasının heyətində 4 dəfə Ukrayna çempionluğu, 3 dəfə ölkə kubokunu, 2009-cu ildə isə UEFA Kubokunu qazanıb.