Təbrizin «Traktor» futbol komandasının 25 nəfər azarkeşi tutulub.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, kütləvi həbs komandanın baş məşqçisi postunda edilən dəyişikliyə klubun tərəfdarlarının etiraz kampaniyasına başlamasına səbəb olub.
«Traktor» futbol komandasında Toni Oliveyra baş məşqçi vəzifəsindən azad edilib, yerinə Məcid Cəlali gətirilib. Məcid Cəlali İran İnqilab Keşikçiləri Qvradiyasına yaxın şəxs kimi tanınır. Bundan başqa etirazçılar onu «uğursuz məşqçi» adlandırırlar.
«Traktor»un bəzi tərəfdarları komanda rəhbərlərinin, eləcə də Məcid Cəlalinin mobil telefon nömrələrini ictimaiyyət arasında yayaraq, vətəndaşları bu telefonlara ismarıc göndərib, yeni təyinata etiraz bildirməyə çağırıblar. Həbslər də buna görə həyata keçirilib. Tutulanların 19-u Təbrizdən, 6-sı isə Urmiyadandır. Onların saxlandığı yer hələ ki bilinmir.
Təbrizdə tutulan azarkeşlərin adları: Yaşar Səadəti, Salar Səadəti, Milad Bağban Əhəri, Məhəmmədrza Nuri, Elman Xorsəndi, Ruzbeh Nuhpur, Əli Tacirbaşı, Nasir Çitsaz, Babək Məhəmmədzadə, Əli Əhədzadə, Nəriman Lütfipur, Ehsan Nəsiri, Əli Mehrizad, Əli Mirzadə, Əhəd Nacizadə, Yunis İmani Qaramələki, Əmirəli Paşai, Nadir Məhəmmədi, Möhsün Nadizadə.
Urmiyada tutulan azarkeşlərin adları: Meysəm Heşmətiyani, Əlirza Dindari, İsmayıl Rəsulzadə, Pedram Paşazadə, Hadi Tağızadə, Məhəmməd Purşərif.
Müşahidəçilər hesab edir ki, Tehran hakimiyyəti M.Cəlaini «Traktor»a başçı təyin etməklə komandanı və onun tərəfdarlarını qvardiyanın nəzarətində saxlamağa cəhd göstərir.