500 min manat hara xərclənəcək? - MÜSAHİBƏ
28 dekabr 2013 11:46 (UTC +04:00)

500 min manat hara xərclənəcək? - MÜSAHİBƏ

Milli Paralimpiya Komitəsinin (MPK) vitse-prezidenti Şaiq Həmidovun Lent.az-a müsahibəsi

 

- Prezident İlham Əliyevinin sərəncamı ilə MPK-ya ayrılan 500 min manat vəsaitin daha çox hansı ehtiyaclara sərf olunması nəzərdə tutulub?

 

- Dövlət başçısının imzaladığı sərəncamı Azərbaycan idmanına verilən yüksək qiymət kimi dəyərləndirərdim. Bu addım onu göstərir ki, bizim ölkənin rəhbəri heç kimə fərq qoymur. Ayrılan vəsaitin yeni idman növlərinin tətbiqinə, köhnəlmiş avadanlıqların dəyişdirilməsinə və yenilərinin alınmasına sərfiyyatı nəzərdə tutulub. Ən əsası, bu vəsait yalnız və yalnız paralimpiya hərəkatının daha da inkişafına yönələcək.

 

- Yeni idman növlərindən söz düşmüşkən, avarçəkmə növlərinə də diqqət ayıracağınız bildirilir. Bu, bir mingəçevirli kimi sizin təşəbbüsünüz deyil?

 

- Təşəbbüs özümün olmasa da, məni çox sevindirdi. Ona görə ki avarçəkmə növü mənə doğmadır. Hələ 1983 – 1987-ci illərdə mən Mingəçevirdə "Spartak" cəmiyyətinin sədri işlədiyim vaxt bu idman növü fəaliyyət göstərirdi. Məsələ ilə əlaqədar Mingəçevirə ezam olundum və çox yaxşı anlaşma baş tutdu. İnanıram ki, Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzi rəhbərliklərinin köməkliyi ilə bu iş müsbət həll olunacaq.

 

- Əlil avarçəkənləriniz var?

 

- Bəli, artıq 3-4 nəfər seçmişik. Çox təcrübəli bacarıqlı və işgüzar məşqçi ilə müqavilə də bağlamışıq. Bu, əslən bakılı, amma Rusiyada yaşayan və bu ölkənin millisi ilə məşğul olan Aleksandr Barabanovdur. O, əvvəllər akademik avarçəkmə üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığmasının baş məşqçisi olub.

 

- Kayak və kanoe növləri üzrə də məşqçi cəlb etmisiniz?

 

- Kayak və kanoye üzrə məşqçimiz, ilkin danışıqlara görə, mingəçevirli Aslan Abdullayev və ya Arif Məhərrəmov olacaq.

- Bəs yarışları necə keçirəcəksiz: Sağlam idmançılarla birgə, yoxsa ayrıca?

 

- Hələlik məşqçilərimiz trenajor zallarında hazırlığa üstünlük verirlər. Yarışların forması ilə bağlı qərar gələn ilin martında veriləcək. Hər şey məşqçilərimizin istəyindən asılı olacaq.

 

- Daha hansı yeni idman növü üzrə çalışmalara başlamaq fikrindəsiniz?

 

- Stolüstü tennis idmanını inkişaf etdirməyə başlamışıq. Bu növ üzrə çox istedadlı oğlan tapmışıq. Onun cəmi 11 yaşı olsa da, ölkəmizə böyük uğurlar qazandıracağına inanırıq. Bu tapıntımız fevralda keçirdiyimiz hesabat-seçki konfransındakı 4 illik strateji fəaliyyət planı çərçivəsində gerçəkləşib. Artıq sentyabrdan dünyada ilk dəfə Uşaq Paralimpiya Hərəkatına start vermişik.

 

- Gələcək planlarınıza ölkəmizdə nüfuzlu yarışların təşkili daxildir?

 

- İnşallah, 2014-cü ildə çoxsaylı lisenziya xarakterli yarışlarımız və beynəlxalq təlim-məşq toplantıları keçirmək fikrindəyik. Bir neçə ölkənin Paralimpiya komitələri ilə əməkdaşlıq etməyi, bölgələrimizdə rəsmi yarışlar, o cümlədən, cüdo üzrə Avropa çempionatını Qəbələ və ya İsmayıllıda keçirməyi nəzərdə tutmuşuq.

 

- Avropa çempionatının Azərbaycanda təşkilinə dair qərar rəsmiləşib?

 

- Bu barədə çox ciddi danışıqlar gedir. Ölkəmizdə təşkili gözlənilən Avropa çempionatı 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli olacaq. Növbəti paralimpiadada çoxlu dəyişiklik gözlənilir. Milli Paralimpiya Komitəsi və Beynəlxalq Cüdo Federasiyasının rəhbərlikləri arasında bu yaxınlarda Macarıstanda çox məhsuldar görüş olub. Mənə elə gəlir ki, bizim üçün hər şey yaxşı olmalıdır. Axı bizim paralimpiyaçı cüdoçularımız dünyada avtoritetdir...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937
avatar

Oxşar yazılar