Beynəlxalq dərəcəli hakimlərimizin sayı artırıldı
2014-cü il üçün təsdiqlənmiş azərbaycanlı FİFA referilərinin siyahısı açıqlanıb. Lent.az-ın məlumatına görə, 2013-cü illə müqayisədə qadın hakimlərin sayı artırılıb.
İndi Səbayel Qurbanovadan əlavə, Fəridə Lütfəliyeva da siyahıda yer alıb. Qadın FİFA referi köməkçiləri siyahısında isə Xəyalə Əzizzadəni Yuliya Qurbanova əvəzləyib.
Futzal üzrə FİFA referilərinin tərkibində də dəyişiklik baş verib. Hakimlikdən uzaqlaşdırılmış Elçin Məmmədovun yerini Xəlil Hüseynli tutub. Elçin Səmədli, Yusif Nurullayev və Ramil Namazov isə növbəti il üçün də saxlanılıb.
Futbol üzrə FİFA referisi kimi beynəlxalq oyunlara yenə Əliyar Ağayev, Rəhim Həsənov və Anar Salmanov təyinat alacaq. Lakin FİFA referisi köməkçilərindən Mehman Mahmudovu Rza Məmmədov əvəzləyib. Yaşar Abbasov, Zeynal Zeynalov, Vaqif Musayev, Mübariz Haşımov və Namiq Hüseynov isə “postunda qalıb”.
Nəhayət, çimərlik futbolu üzrə FIFA referiləri Əfqan Həmzəyev və İnqilab Məmmədov toxunulmaz saxlanılıb.
Beləliklə, beynəlxalq dərəcəli hakimlərimizin sayı gələn il 18 yox, 19 olacaq.