Super Liqa ilk mövsümünə 2025-ci ilin sentyabrında başlayacaq və artıq 20 klub turnirdə iştirak etməyə razılıq verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qurumun baş katibi Anas Laqrari Superliqanın Avropa klubları ilə danışıqlar apardığını və adları açıqlanmayan 20 klubdan ilkin razılıq aldığını bildirib. Həmçinin daha 30 klub turnirə qoşulmağa hazırdır.
“Bizim çox motivasiyalı 20 komandamız və demək olar ki, razılaşan 30 komandamız var. Turnirə sabah başlaya bilərdik, lakin məqsəd 2025-ci ilin sentyabrında yeni yarış keçirməkdir. Və bunu Avropanın ən yaxşı komandaları, o cümlədən ingilis klubları ilə etmək istəyirik. Elə klublar var ki, özəl olaraq layihə ilə müqavilə imzalayıb, lakin açıq şəkildə buna qarşı çıxıblar”, - Laqrari vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib. O, FİFA və UEFA-nın müxtəlif ölkələrin klubları arasında onlarla futbol yarışlarının əvvəlcədən razılaşdırılması qaydalarının Avropa qanunlarına zidd olduğu qənaətinə gəlib. Bundan sonra UEFA və qurumun prezidenti Aleksandr Çeferin rəsmi açıqlama verib.
Super Liqanın yaradılması ideyasının ilhamçısı “Real”ın prezidenti Florentino Peresdir. Layihəni “Barselona” da dəstəkləyir. Demək olar ki, bütün digər top-klublar UEFA-nın müqaviməti və azarkeşlərin tənqidi ilə üzləşərək turnirdə iştirakdan imtina ediblər.