Dünya futbolunun əfsanəsi və Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti vəzifəsinə yeganə namizəddir.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb. Qeyd olunub ki, bir gün əvvəl UAF-ın fövqəladə XXVI qurultayının nümayəndələrinin səlahiyyətlərinin və kvorumun müəyyən edilməsi üçün qeydiyyat komissiyasının iclası keçirilib.
İclasda müəyyən edilib ki, qurumun prezidenti vəzifəsinə namizəd irəli sürmək hüququ olan UAF-ın bütün daimi üzvləri bu məsələ ilə bağlı öz rəhbər orqanlarının iclaslarının protokollarını təqdim ediblər. Bütün protokollarda UAF prezidenti vəzifəsinə Andrey Şevçenkonun namizədliyi irəli sürülüb.
UAF işçi qrupu belə qənaətə gəlib ki, Andrey Şevçenkonun namizədliyi təşkilatın nizamnaməsi ilə Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilmək üçün müəyyən edilmiş tələb və meyarlara cavab verir.
Komissiyanın və işçi qrupunun iclaslarının nəticələri barədə FİFA və UEFA-ya məlumat verilib və onlar UAF Konqresinə hazırlığın gedişi barədə daim məlumat alırlar.
Təşkilatın yeni prezidentinin seçilməsi ilə bağlı UAF-ın növbədənkənar qurultayı 25 yanvar 2024-cü ildə keçiriləcək. Görüş Kiyevdəki Futbol Evində baş tutacaq.
Əlavə edək ki, Andrey Şevçenko dekabrın 12-də rəsmi olaraq UAF prezidenti postuna namizəd kimi irəli sürülüb. Ukrayna millisinin sabiq baş məşqçisi bu posta namizəd olmaq təklifini qəbul edib, proqramı hazırlamaq və komandanı seçmək üçün vaxt ayırıb.
Şevçenkonun Kiyevə 2024-cü il yanvarın 10-da gələcəyi bildirilir. Eyni zamanda onun UAF rəhbəri postunda gələcək köməkçilərinin adlarının da məlum olacağı gözlənilir.