"Real”ın PSJ-nin fransalı hücumçusu Kilian Mbappeni almaq fikrindən imtina etməsinin daha bir səbəbi məlum olub.
Lent.az bildirir ki, bu barədə ESPN klubdakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, komanda 2022-ci ilin mayında aparılan uğursuz danışıqlara görə hücumçu ilə müqavilə imzalamaq imkanını nəzərdən keçirmir. Gələcəkdə “Real” 34 yaşlı Kərim Benzemanın yerinə norveçli Erlinq Hollandı dəvət edə bilər.
Oktyabrın 11-də Mbappenin PSJ-dən ayrılmaq istədiyi xəbəri yayılmışdı. Klub isə hücumçunun "Real”dan başqa istənilən komandaya gedişinə mane olmamaq niyyətindədir. Transfer 2023-cü ilin qışında və ya yayında baş tuta bilər.
Sentyabrın 22-də madridlilər açıqlamışdı ki, onlar heç vaxt hücumçunu komandaya dəvət etməyəcəklər. "Real”ın prezidenti Florentino Peres Mbappenin ona PSJ ilə müqavilənin imzalanması barədə telefonla deyil, yazışmalarda məlumat verməsindən inciyib. Klubun hücumçunun keçidinə azarkeşlərin mənfi reaksiyasından ehtiyatlandığı da bildirilib.
Mayın 21-də Mbappenin karyerasını PSJ-də davam etdirəcəyi məlum olub. Klubla yeni müqavilə 2025-ci il iyunun 30-na qədərdir. Futbolçunun maaşı vergilərdən sonra illik 57 milyon avro olacaq.