"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda "Liverpul"dan ayrılmaq qərarına gələn Yurgen Klopp haqqında açıqlama verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Qvardiola Kloppun ayrılmaq qərarından "bir az" təəccübləndiyini bildirib: "O, tamamilə inanılmaz bir baş məşqçidir. O, həm də inanılmaz insandır. Mövsümün sonunda, ayrıldığı zaman bizim də bir parçamızın ayrılacağını hiss edirəm. “Liverpul” bu illərdə bizim ən böyük rəqibimiz olub. Şəxsən, o, Dortmundda (“Borrusiya” klubunu nəzərdə tutur-red.) və burada etdikləri ilə mənim ən böyük rəqibim olub. Ona görə də onun üçün darıxacağam".
Kloppun "Enerjim tükəndi" sözlərinə toxunan Qvardiola deyib: "Bütün baş məşqçilər özlərini yorğun hiss edirlər. Bütün bu illəri eyni yerdə keçirib. Mən bunu başa düşürəm. Bunu “Barselona”da hiss etmişdim. Mən onu dinlədim, nə demək istədiyini başa düşdüm”.
Uğurlu məşqçi gələcəyi ilə bağlı danışaraq, "Yaxşıyam. Bunu daha bir il etmək və bəlkə də müqaviləmi uzatmaq istəyirəm" deyib.
53 yaşlı çalışdırıcı Klopp haqqında deyib ki, alman məşqçisiz "Liverpul"a qarşı oynamaqdan xoşbəxt olacaq: "Mən çox məmnunam, çünki onsuz “Liverpul”a qarşı oynamazdan əvvəl gecələr bir az daha yaxşı yatacam".