Rusiyalı konki sürən Anastasiya Sereda 21 yaşında vəfat edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, vbu barədə “Telegram”da Rusiya Konkisürmə İttifaqı məlumat yayıb.
İdmançının şəxsi məşqçisi Marina Yaşinanın dediyinə görə, Sereda bir ay yoluxucu xəstəliklə Ufa xəstəxanasında yatıb. Məşqçi dəqiq diaqnozu açıqlaya bilməyib. O qeyd edib ki, idmançının nəşi Saranska gətiriləcək və sabah dəfn mərasimi planlaşdırılır.
Eyni zamanda, Rusiya Konkisürmə İttifaqının media ilə qarşılıqlı əlaqə üzrə koordinatoru Lada Zadonskaya, Seredanın qripə yoluxduğunu, sonra vəziyyətinin pisləşdiyini, xəstəxanaya aparıldığını qeyd edib. Onun sözlərinə görə, gənc idmançı komaya düşüb və bu vəziyyətdən çıxa bilməyb.
Anastasiya Sereda konkisürmə üzrə Rusiyanın idman ustasıdır. 2003-cü il martın 30-da anadan olub. Yarışlarda o, Sankt-Peterburq və Mordoviyanı təmsil edib. 2022-ci ildə Sereda estafet komandasının tərkibində Rusiya Kubokunu qazanıb.