Futbol üzrə Türkiyə Superliqasında 20-ci tura yekun vurulub.
Lent.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.
Lider "Fənərbağça"nın ən yaxın izləyicisi "Qalatasaray" doğma meydanda "Kayserispor"u qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Hesabı 26-cı dəqiqədə Viktor Nelson açıb. Qonaqlar 58-ci dəqiqədə Aylton Boa Mortenin qolu ilə bərabərliyi bərpa ediblər. 86-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Dris Mertens meydan sahiblərinə çətin və vacib qələbə qazandırıb.
Bu qələbə ilə xallarını 51-ə çatdıran "Qalatasaray" ikinci pillədəki mövqeyini qoruyub. Lider "Fənərbağça"nın isə 53 xalı var.