Fransanın PSJ futbol klubu Kristof Qaltyeni baş məşqçi postundan uzaqlaşdırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə komandanın saytı məlumat yayıb.
Klub mütəxəssisə təşəkkür edərək, onun peşəkarlığını və komandaya on birinci Fransa çempionluğunu qazandırmağa imkan verən öhdəliyini qeyd edib. "Le Parisien"in məlumatına görə, mütəxəssis altı milyon avro təzminat alacaq.
Qaltye 2022-ci ilin iyulundan PSJ-yə rəhbərlik edirdi. Onun müqaviləsi iki illik idi. Bundan əvvəl o, "Nitsa", "Sent-Etyen" və "Lill" klublarında çalışıb.