“Özümü qul hesab edirdim... ürəyim partlayırdı... " - SİRLİ ULDUZLAR
02 fevral 2021 20:15 (UTC +04:00)

“Özümü qul hesab edirdim... ürəyim partlayırdı... " - SİRLİ ULDUZLAR

O, Rio-de-Janeyrodan çıxan sadə oğlandır. Kasıb ailədə böyüyüb. Babasının inadı və inamı sayəsində böyük uğurlar əldə edib. 2007-ci ildən “Real Madrid”in formasını geyinir. Son vaxtlar əsas heyətdəki yerini itirsə də, meydana çıxdığı oyunlarda yüksək texnikasının hələ də qaldığını sübuta yetirir. Lent.az-ın “Sirli Ulduzlar” layihəsi bu dəfə braziliyalı futbolçu Marseloya həsr olunur. Sol cinah müdafiəçisinin həyat hekayəsini öz dilindən eşidək...

Peyin qoxusu və “Bir dollar!”

“Nədən başlayım? Sizə babamın həyatımı necə dəyişməsindən danışmaq istəyirəm. Bundan əlavə, “fenomen” Ronaldo, həmçinin Romario ilə bağlı xatirələrim var. Bir sözlə, danışmağa mövzu çoxdur. Başlayaq qoxudan.

Bu, həyatımda xatırladığım ilk şeylərdən biridir. Təxminən 6-7 yaşım olardı, məktəbdən yay tətilinə buraxılmışdıq. Buna rəğmən, hər səhər saat 07:30-da yuxudan oyanır, Botafoqo çimərliyinə futbol oynamağa gedirdim. Orda içində futzal meydançası olan park var idi. Bir yaşlı kişi maşınlarını saxlayan insanlara “Bir dollar! Bir dollar! Bir dollar!" deyə qışqırırdı, səsi hələ də qulağımdadır. Ən əsası isə parkdakı qoxu beynimə həkk olunub. Suyu boşaltmaq üçün istifadə olunan boru kəməri yararsız hala düşdüyündən, peyin qoxusu gəlirdi. Hər səhər parka düşəndə həmin qoxunu hiss edir, həmin kişinin səsini eşidirdim”.

“6 yaşında küçədə onun şəklini çəkmişdim”

“İlk vaxtlar həmin parkda birlikdə oynamağa uşaq tapmırdım. Amma bu, mənim üçün önəm kəsb etmirdi. Balaca Marselito hər gün orda olurdu. Top ayağımda olanda ağlım başımdan çıxırdı. Futbola aşiqsinizsə, kiminləsə oynamağınız şərt deyil, təkbaşına da istədiyinizi edə bilərsiniz. Əsas odur ki, topunuz olsun.

Həmin yay ABŞ-da DÇ-1994 keçirilirdi. Braziliyada hər kəsin üzü yaşıl, mavi və sarı rənglərə boyanmışdı. Unudulmaz anlar idi. Bir dəfə Ronaldonun müsahibəsini oxumuşdum. Demişdi ki, DÇ-1982 vaxtı Zikonun şəkillərini küçə divarlarına çəkirmiş. Eyni şeyi mən də etmişəm. Ronaldo, bu müsahibəni oxusan, biləcəksən ki, 6 yaşında küçədə sənin şəklini çəkmişdim, çünki qəhrəmanım idin!”

“Az qalırdı ürəyim partlasın...”

“Mundialın finalında Braziliyanın necə oynadığını, düzü, xatırlamıram. Amma finaldan sonra qəzetlərin ilk səhifəsində çıxan şəkil yaxşı yadımdadır: yığma Braziliyaya yeni qayıtmışdı və təyyarədən düşən Romario bayrağımızı dalğalandıraraq şəkil çəkdirmişdi. Hər dəfə o şəkilə baxanda qürur hissi keçirirdik, sanki dünyanı fəth etmişdik. Sevincimdən az qalırdı ürəyim partlasın. Öz-özümə deyirdim: mən də bunu etməliyəm!

Təbii ki, bu, gülməli xəyal idi. Birincisi, Braziliyada 200 milyon insan yaşayır və onların hər biri futbolçu olmaq istəyir, hətta yaşlılar da (gülür). İkincisi, mən hələ futbola belə getmirdim. Ancaq məhəllədə futzal oynayırdım. Valideynlərimin məni futbola yazdırması inandırıcı deyildi. Bəlkə də ABŞ-da və ya İngiltərədə yaşayanlar nə demək istədiyimi başa düşməyəcəklər. Amma həmin vaxt Braziliyada vəziyyət çox acınacaqlı idi, insanların maddi durumu yaxşı deyildi. Mən uşaq olanda Braziliyada benzin indikindən baha idi”.

“Mənim üçün hər şeyi qurban verməyə hazır idi”

“Xoşbəxtlikdən, babam mənim üçün hər şeyi qurban verməyə hazır idi. O, həyat hekayəmdə ən vacib insandır. Əsl şəxsiyyət idi. Həmişə gün eynəyi taxardı. Tez-tez söylədiyi cümlə var idi: “Mənə bax, cibimdə bir dollarım da yoxdur, amma xoşbəxtəm".

Babamın köhnə “Volkswagen Variant”ı var idi, həmin maşınla məni məşqə aparardı. 1969-cu ilin avtomobili idi. Artıq futbolda ilk addımlarımı atırdım. 8-9 yaşım olanda komanda ilə səfərlərə gedirdik. Həmin vaxt maddi ehtiyacları qarşılamaq, benzin və yemək xərclərini ödəmək çox çətin idi. Buna görə babam həyatımı dəyişdirəcək qərar verdi. Maşınını satdı və həmin pulu uzun müddət avtobus biletlərimizi almağa xərclədi. Artıq səfərlərə getməkdə çətinlik çəkmirdim. Babam hamının yanında “Nəvəm Rionun böyük futbolçusu olacaq, Braziliyann böyük futbolçusu olacaq” deyirdi. Mənə çox inanırdı. Oyunumuz olan gün evə qayıdanda atamın üstünə düşürdü: “Gəl, sən də Marselonun oyununa bax. Bu gün bilirsən nələr etdi? Aman, Tanrım, bu, möhtəşəm idi”.

“Heyvan lotereyası” və “Volkswagen Juke”

“Atam necə oynadığımı, demək olar ki, görməmişdi. Çünki buna vaxtı yox idi, hər gün işləyirdi. Yəqin məni tərifləyən babamın dəli olduğunu düşünürdü. Hətta pis oynayanda və uduzanda da babam mənə dəstək olur, həvəsləndirirdi. 9 yaşım olanda Ronaldo kimi oynadığımı deyirdi.

Artıq 12 yaşım var idi. Bir gün məşqdən çıxanda gördüm ki, babam “Volkswagen Juke” markalı avtomobildə əyləşib. “Gəl, otur, evə gedirik” dedi. “Bunu hardan aldın” deyə soruşdum. Cavabı belə oldu: “Jogo de Bicho”. Rioda bunu “heyvan lotereyası” adlandırırlar. Deməli, “Jogo de Bicho”da rəqəm seçirsiniz və hər gün bir heyvan şəkli çıxır. Babam hansı şəkilin çıxacağını düz tapmışdı. Nə qədər pul udduğunu xatırlamıram. Amma o pulla yeni avtomobil ala bilmişdi. Bu, möhtəşəm idi. Artıq hər yerə həmin maşınla gedirdik”.

“Tükənmişdim, özümü futbolun qulu hesab edirdim”

“15 yaşında məni “Fluminense”yə böyük futbol oynamağa dəvət etdilər. Problem onda idi ki, klubun bazası evimizdən təxminən 2 saatlıq məsafədə yerləşirdi. Həmin yola bəs edəcək qədər benzin almağa pulumuz yetmirdi. Buna görə də orda yataqxanada qalmağa qərar verdim. Ailəmdən uzaq, tək qalacaqdım. Başqa yolum yox idi. Babam məni şənbə günü axşam evə gətirir, bazar günü isə yenidən yataqxanaya aparırdı. Evdəkilər üzümü həftədə 1 dəfə görürdülər.

Bir müddət belə davam etdi. Artıq tükənmişdim, özümü futbolun qulu hesab edirdim. Mənimlə oynayan uşaqlar evlərinə rahat qayıdır, istirahət vaxtlarını çimərlikdə keçirirdilər. Mən isə bunlardan məhrum idim”.

“Bezmişəm, evə qayıtmaq istəyirəm...”

“Bir gün babam yenə dalımca gəlmişdi. Dözməyib ona dedim: “Belə davam edə bilmirəm, bezmişəm, evə qayıtmaq istəyirəm”. “Yox! Yox! Yox! Sən bunu edə bilməzsən. Bu vaxtadək buna görə mübarizə aparırdıq?” deyə sərt cavab verdi. Babama bütün günümün futbolla keçdiyini, gəncliyimi heç etdiyimi dedim. “Marselo, sakit ol. Sən futbolu ata bilməzsən. Bir gün “Marakana” stadionunda oyununu görmək istəyirəm” deyərək ağlamağa başladı.

Sözləri qəlbimə toxundu. Daha bir həftə futbola getməyə razılaşdım. Yekunda həmin həftə xeyli uzandı və mən babamın inadına məğlub oldum. İki il sonra “Fluminense”nin heyətində “Marakana”da oyuna çıxdım, babam isə tribunada əyləşmişdi. O, futbolçu olacağımı əvvəldən bilirdi. Buna görə də məndən bərk yapışmışdı”.

“Baxdım ki, centlmen biridir, amma əlində sənəd yoxdur”

“18 yaşında artıq Avropa klubları mənimlə maraqlanmağa başladılar. “Sevilya” və Moskva MOİK-indən təklif almışdım. Həmin vaxt “Sevilya” çox güclü idi, heyətində xeyli braziliyalı çıxış edirdi. Ora keçəcəyimi xəyal edirdim. Ancaq bir gün tanımadığım agent mənə zəng etdi. “Marselo, “Real Madrid”ə keçmək istəyirsənmi” deyə soruşdu. Təbii ki, “hə” dedim.

Bir neçə həftə sonra oyunumuz var idi. “Real Madrid” mənimlə görüşmək üçün adam göndərmişdi. Oteldə görüşdük. Baxdım ki, centlmen biridir, amma əlində sənəd-filan yoxdur. “Sevgiliniz varmı” deyə soruşdu, “hə” dedim. Bu tipdə suallar verdi və sağollaşdı. Mənimlə zarafat etdiklərini düşündüm. Axı həmin adam “Real” rəsmisinə bənzəmirdi və klub haqda, ümumiyyətlə, danışığımız olmadı. Lakin iki gün sonra zəng gəldi. Madriddə tibbi yoxlanışdan keçməyimi istədilər. Hələ də inanmağım gəlmirdi”.

“Çempionlar Liqasının varlığından xəbərsiz idim”

“Siz hələ məni araşdırmalısınız, axı dərindən tanımırsınız” dedim. Həmin vaxt Çempionlar Liqasının varlığından belə xəbərsiz idim. İsrarla Madridə gəlməyimi istədilər. Və budur, təyyarədəyəm, Madridə yollanıram. Klubun ofisinə gedəndə masada müqavilə gördüm, üzərində “Real”ın gerbi həkk olunmuşdu. Bu, həqiqət idi! Tez müqaviləyə qol çəkdim. Komandanın digər oyunçuları məni stadiona apardılar, klub haqda informasiya verdilər. Ailəm də “Real”a keçəcəyimə inanmırdı. Onlar “Globo Esporte” kanalında “18 yaşlı Marselo - “Real Madrid”in yeni futbolçusu!” başlıqlı xəbər görəndən sonra inanmışdılar”.

“Onları həmin günədək televizorda görmüşdüm”

“Roberto Karlos kumirim idi. Onu Tanrı hesab edirdim. Karlosun oynadığı komandaya keçmək, eyni mövqeni bölüşmək... İnanılmaz idi. Paltardəyişmə otağına daxil olarkən qarşıma kimlər çıxdı? Robinyo, Sisinyo, Baptista, Emerson, Ronaldo, Karlos! Məni ilk olaraq həmyerlilərim qarşıladılar. Sonra Raul, Bekhem və Kannavaro ilə rastlaşdım. Onları həmin günədək ancaq televizorda görmüşdüm. Karlosun ilk gündə mənə dediyini heç vaxt unutmaram. Yaxınlaşaraq telefon nömrəsini verdi və nəsə lazım olsa, ona zəng etməyimi istədi”.

“Hücuma gedib geri qayıtmayanda üstümə qışqırırdı”

“Madriddəki ilk doğum günüm Karlosun sayəsində yaddaqalan oldu. Məni və xanımımı evinə dəvət etdi. Ad günümü bir yerdə keçirdik. Bu oğlan mənim kumirimdir! Adamlar var ki, belə qayğını öz övladına göstərmir. Amma o, sıradan biri deyil, Roberto Karlosdur! Meydandakı çıxışını heyrətlə izləyirdim. 90 dəqiqə boyunca hücuma atılır və geriyə şir kimi qayıdırdı. Mən də o cür oyun tərzini sevirdim. Müdafiəçi olsam da, həmişə hücuma atılmağı xoşlamışam. “Real”da Karlosun yerini tutanda Kannavaro məni arxa xətdə sığortalayırdı, ona güvənərək irəli gedirdim. Bir də Kasemiro gələndən sonra rahatlıqla hücuma keçirəm. Hücuma gedib geri qayıtmayanda Kannavaro üstümə qışqırırdı. Onu çox sevirəm, səmimi insandır”.

“Qol çəkmirəm” dedim və otaqdan çıxdım”

“Dünyanın bir nömrəli klubunda oynamaq asan deyil. “Real”dakı ilk mövsümüm sona yaxınlaşırdı, klubun direktoru məni otağına çağırmışdı. Danışığımızın qısa çəkəcəyini düşünürdüm. Mənə dedi ki, səni təcrübə qazanasan deyə, icarəyə vermək istəyirik. Həmin an “Bu, “Real”dır. İcarəyə getsəm, bir daha geri qayıtmaya bilərəm” deyə düşündüm. Kağıza qol çəkməyimi istəyirdi. “Qol çəkmirəm, təcrübəni burda toplayacam” dedim və otaqdan çıxdım. Həmin yay Roberto Karlos komandadan ayrıldı, onun gedişindən sonra daha çox oynamağa başladım. Bundan sonra balaca Marselito “havaya qalxdı”. Hər dəfə Braziliyaya gedəndə babama baş çəkirdim. Yeri gəlmişkən, onun kabineti haqda da danışım. 6 yaşımdan şəkillərimi yığaraq otağındakı dolabda saxlayırdı. Və hər dəfə qol vuranda bunu dəftərində qeyd edirdi. Qəzetdə çıxan şəkillərimi, haqqımda yazılan məqalələri toplayırdı”.

“Xatirələr yadıma düşdü, ağlamağa başladım”

“Artıq “Real”ın futbolçusu kimi babama baş çəkirdim. Gördüm ki, şəkillərimi toplamağa davam edir. Həmin mövsüm La Liqanın qalibi olmuşduq, babam üçün material çox idi (gülür). Heç bir anı gözdən qaçırmırdı. Çempionlar Liqasının kuboku ilə çəkdirəcəyim şəkli babamın kabinetinə əlavə etmək keçdi ürəyimdən. Bunun üçün isə ÇL-in qalibi olmaq lazım idi...

2014-cü il. Çempionlar Liqasının finalında “Atletiko” ilə qarşılaşırdıq. Həmin vaxt babam xəstə idi. Oyuna tam hazır olsam da, baş məşqçi əsas heyətdə ayrı futbolçuya şans verdi. Çox məyus olmuşdum, əsəbi idim. Amma həmin gün məni xoş sürprizin gözlədiyini hiss edirdim. Ehtiyat oyunçular skamyasında əyləşib gözləyirdim. Hesabda geri düşdük. 90-cı dəqiqə gedirdi, yenə gözləyirdim. Sonra 90+3-cü dəqiqədə Serxio Ramos bizi məğlubiyyətdən xilas etdi. Əlavə vaxtda isə məşqçi məni və İskonu meydana buraxmaq üçün yanına çağırdı. Meydana qəzəblə yaxınlaşdım, özümü göstərmək, yadda qalmaq istəyirdim. Və bunu qol vuraraq etdim. Həmin an beynim donmuşdu. Babamla bağlı xatirələr yadıma düşdü, ağlamağa başladım. Möhtəşəm hiss idi! Nəhayət, istəyimə çatdım, Çempionlar Liqasının kubokunu başım üzərinə qaldırdım. Həmin oyundan bir müddət sonra babam dünyasını dəyişdi. Yaxşı ki, uğurumu görə bildi. Bu, məni qürurlandırır. Axı onun hesabına və ona görə bu səviyyəyə gəlib çatmışam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10314
avatar

Rizvan Babayev

Oxşar yazılar