"Spartak"ın və "Dinamo"nun sabiq futbolçusu Aleksandr Karakin Moskva yaxınlığında qəzaya uğrayaraq ölüb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə mayın 12-nə keçən gecə Minsk şossesinin 30-cu kilometrliyində, orada hər həftə keçirilən küçə yarışları zamanı baş verib. “Nissan GTR” markalı avtomobildə olan keçmiş futbolçu yüksək sürətlə idarəetməni itirərək dayanacağa çırpılıb, daha sonra isə yolun ortasına uçub.
Qəza nəticəsində 32 yaşlı Karakin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onu xilas edə bilməyib, keçmiş idmançı mayın 12-də səhər saatlarında dünyasını dəyişib. Operator da onunla birlikdə maşında olub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Karakin Moskva "Spartak"ının yetirməsidir. O, ağ-qırmızılıların və “Dinamo”nun gənclər komandalarında, həmçinin “Ximki”də çıxış edib. 2018-ci ildə Karakin peşəkar karyerasını başa vurub.