Dani Alveş uzun müddət dəmir barmaqlıqlar arxasında qala bilər.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, əfsanəvi braziliyalı oyunçunu həbsxanaya göndərmək istəyirlər.
Xatırladaq ki, noyabrın 14-də zorlamada təqsirləndirilən “Barselona”nın və Braziliya millisinin keçmiş müdafiəçisinin işi üzrə istintaq yekunlaşıb.
Prokurorlar Alveşə 9 il həbs cəzası istəyir. Heç bir yüngülləşdirici haldan söhbət getmir.
Bundan başqa, ittiham tərəfinin tələbləri arasında zərərçəkənə 150 min avro ödənilməsi də var.
Xatırladaq ki, braziliyalı 21 yaşlı qıza cinsi təcavüz etməkdə ittiham olunur.
Hadisə ötən il dekabrın 30-da Barselonadakı gecə klublarından birində baş verib. Həmin vaxtdan Alveş həbsdədir.
Prokurorluq artıq iki dəfə Alveşin vəkillərinin həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib. Braziliyalının İspaniyadan qaçma ehtimalının yüksək olduğu güman edilir.