İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 38-ci dünya kubokunu qazanmış “Land of Fire” komandası yanvarın 31-də Vətənə dönüb.
Lent.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Atcılıq Federasiyasının nümayəndələri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edib.
Komandamız keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş və turnirin final qarşılaşmasında İsveçrənin “Sankt Moritz” komandası ilə üz-üzə gəlib.
Yanvarın 29-da baş tutmuş final oyunu gərgin mübarizə şəraitində keçib. Oyunun əsas vaxtı heç-heçə tamamlanıb, əlavə olunan vaxtda yerli azarkeşlərin rəqib komandanı dəstəkləməsinə baxmayaraq, “Land of Fire” komandası prinsipial oyunda qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanıb.
Beləliklə Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olublar.