Salvador Futbol Çempionatında “Alyans” və FAS komandaları arasında keçirilən qarşılaşma stadionda yaranan izdiham səbəbindən vaxtından əvvəl başa çatıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Salvador Futbol Federasiyasının rəsmi saytı xəbər verir.
“Kuskatlan” futbol stadionundakı hadisədə 12 nəfər ölüb, daha 90 azarkeş yaralanıb.
Salvador Futbol Federasiyasının yaydığı bəyanatda bildirilir ki, ölənlərin ailələrinin matəminə və ölənlərin xatirəsinə hörmət əlaməti olaraq ölkə çempionatının vaxtından əvvəl başa çatdırılması barədə qərar qəbul edilib. Təşkilatın prioriteti futbol tədbirlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi olacaq.
Polisin məlumatına görə, stadionun girişlərindən birində baş verən izdihamı tribunaya çıxmaq istəyən azarkeşlər təhrik edib. Qarşılaşma dayandırılıb. Salvador prezidentinin mətbuat xidməti hadisəyə səbəb kimi saxta biletlərin satıldığını bildirib.
Şahidlərin dediyinə görə, faciəli hadisələrdən əvvəl stadionda polis azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə edib, bu izdihama səbəb olub.