“Azərbaycanda keçiriləcək dünya çempionatı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Ümumdünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf etdiyindən bizim üçün xüsusi əhəmiyyət daşıyır”.
Lent.az Apasport.az saytına istinadən bildirir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov Bakıda keçiriləcək dünya çempionatına son hazırlıqlarla bağlı təşkil olunan mətbuat konfransında deyib.
Konfransda mundiala qısa zaman qaldığını bildirən Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov hər şeyin plan üzrə getdiyini deyib. O, beynəlxalq idman yarışlarının təşkilində böyük təcrübəyə malik olan ölkəmizin dünya çempionatını da uğurla ev sahibliyi edəcəyinə inandığını vurğulayıb: “Bu yarış Paris-2024 Yay Olimpiya Oyunları öncəsi ən böyük yarışdır. Təxminən 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir. Hələlik 90 ölkə qeydiyyatdan keçib. Ümumilikdə 3000-3500 qonağın gəlişini gözləyirik”.
Səfərov bildirib ki, dünya çempionatı üçün Azərbaycan millisinin heyəti hələ tam formalaşmayıb. Bu, aprelin 27-30-da Sofiyada keçiriləcək klublararası Avropa çempionatından sonra bəlli olacaq.
Konfransda dünya çempionatının promo video çarxı, eləcə də rəsmi saytı təqdim olunub. Saytda idmansevərlərin rahatlığını təmin etmək üçün müasir proqram təminatından istifadə olunub.
Mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il öncə verilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib. Düzdür, son anda Bolqarıstan istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını Azərbaycana həvalə edib. Mundial mayın 29-dan iyunun 4-dək Bakı Kristal Zalında keçiriləcək.
Sayca 26-cı dəfə təşkil olunacaq yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.
Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra 7-ci kimi tarixə düşəcək.
Qeyd edək ki, mundaialın informasiya dəstəkçisi “APA Media Group”dur.