Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə keçirilən və dünyanın ən həyəcanverici drift seriyası olan “Red Bull Car Park Drift” çempionatının milli final mərhələsi başa çatıb.
Lent.az xəbər verir ki, münsiflər heyətinin qərarına əsasən, yarışda milli pilotlarimizdan birinci yerin sahibi Adil Axundov olub. İkinci yeri Pərviz Əzizov, üçüncü yeri isə Rauf Dadaşzadə tutub.
Qalibləri Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Azərbaycan Gənclər və İdman Naziri Fərid Qayıbov təltif ediblər.
Qeyd edək ki, birinci yerin sahibi Adil Axundov Səudiyyə Ərəbistanda keçiriləcək “RedBull Car Park Drift”in dünya finalında Azərbaycanı təmsil edəcək.
Özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən yaxşı drift nümayiş etdirən 16 nəfər iştirakçı milli final mərhələsində yarışıb. Çoxmərtəbəli avtodayanacaqların dar küncləri, beton dirəkləri və dayaqları boyunca hərəkət edən drifterlərdən ilhamlanaraq yaradılmış bu seriya, maneələrlə dolu yerlərdə sürətlə hərəkət etmək, drift məharətlərini sərgiləmək və “pendulum”, “spiral”, “gate”, “flipper” kimi tapşırıqlardan ibarət olub.
Avqust ayında “Red Bull Car Park Drift” yarışının hazırki iştirakçıları dünyaşöhrətli livanlı driftçi Abdo Feqalidən ustad dərsləri almışdılar. 2012-ci ildə Əbu-Dabidə ən uzun drift edən Abdo Feqalinin adı Ginnesin Rekordlar Kitabına salınıb. O, həmçinin, 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.