Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında yazıb.
"Yunan-Roma güləşi üzrə Azərbaycan millisindən tarixi uğur! Yığma komandamız Azərbaycan güləşi tarixində ilk dəfə Avropa Çempionatında 3 qızıl medal qazanmağa nail olub. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşaraq, qızıl medala layiq görülüblər. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş medal, Beka Kandelaki (130 kq) bürünc medal qazanıblar.
Güləşçilərimizi və məşqçilərimizi bu tarixi uğura görə təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik!
Avropa Çempionatında finala yüksəlmiş Mariya Stadnik (50 kq) və Alyona Kolesnikə (59 kq), eləcə də digər qadın güləşçilərimizə və sərbəst güləş üzrə milli yığma komandamızın üzvlərinə müvəffəqiyyətlər diləyirik", -deyə qeyd olunub.
***
Saat 22:01
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Lent.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millinin digər üzvü Ülvü Qənizadə (72 kiloqram) qızıl mükafat uğrunda türkiyəli Səlçuk Canla, qadınların yarışında isə Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhan, Alyona Kolesnik (59 kiloqram) ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram) və Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.