Argentina İdman Konfederasiyası (CAD) ölkə prezidenti Xavyer Mileyin futbol klublarının məhdud məsuliyyətli idman şirkətləri kimi tanınması təklifinə qarşı çıxıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, CAD, təcili zərurət fərmanında nəzərdə tutulan tədbirlərin müvəqqəti dayandırılmasını tələb edən apellyasiya şikayəti verib və xəbərdarlıq edib ki, Mileyin fərmanı qəbul edilərsə, Argentina milli komandalarını FİFA və KONMEBOL tərəfindən sanksiyalara məruz qoyacaq və ölkənin növbəti Amerika Kubokunda, Parisdəki Olimpiya Oyunlarında iştirakını riskə atacaq.
Qeyd olunur ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Beynəlxalq Futbol Federasiyasının (FİFA) nizamnaməsində dövlətin idman qurumlarının fəaliyyətinə müdaxiləsinə görə ciddi cəzalar nəzərdə tutulub.
2023-cü il dekabrın 20-də Miley iqtisadiyyatın tənzimlənməsinin dayandırılmasına yönəlmiş islahatlarla fövqəladə fərman imzaladığını elan etdiyi xalqa müraciət edib. Ümumilikdə sənəddə mövcud qanunları dəyişdirən və ya ləğv edən 300-dən çox maddə var. Parlamentin hər iki palatası onu etibarsız sayarsa, fərman ləğv edilə bilər.