14 yaşından hakimlik edən Röya Kərimli
15 dekabr 2020 13:26 (UTC +04:00)

14 yaşından hakimlik edən Röya Kərimli

14 yaşında hakimlik edən Röya: “Məni stadiona buraxmırdılar ki, qız uşağısan”- MÜSAHİBƏ

“Mən futbola gələn vaxtlarda rayonda stadiona xanımlar getməzdi, mental düşüncüləri özünüz bilirsiz də, bu haqda danışmağa dəyməz. Qız kişilərin arasında olmamalıdır, nə bilim nə”.

Röya Kərimli deyir bunları. O Röya ki, bir vaxtlar yaşıl meydançalarda hakimlik edib. Bu gün isə oraya jurnalist fəaliyyətini yerinə yetirmək üçün üz tutur. Söhbətin kimdən getdiyini azərbaycanlı futbolsevərlər yaxşı bilir. Söhbətimiz zamanı Röya xanım, futbola sevgisinə görə yaşadığı çətinliklərdən danışdı.

- 2002-ci il Cənubi Koreya və Yaponiyada keçirilən Dünya Çempionatını izlədikdən sonra futbola marağım yarandı. Yay tətili olduğu üçün nənəmgildə qalırdım. Anamın dayısı rayon xəstəxanasında işləyirdi. Nənəmgilin evi xəstəxanaya yaxın idi deyə, o, bəzi oyunları gəlib bizdə izləyirdi. Elə onunla birgə biz də oturub futbola baxırdıq. Onda cəmi 11 yaşım vardı. Bəlkə də o yaşa kimi həyəcan duyğusunun nə olduğunu bilmirdim. Türkiyə millisinin Braziliya ilə oyununda həyatımda ilk dəfə həyəcan yaşamışdım. Hətta sonda nə qədər ağlamışdım…

Üstündən 2 il keçdikdən sonra da Yevlaxın "Karvan" klubu yarandı. Bu kluba olan sevgim barədə bilməyən yoxdur. Əvvəlki müsahibələr, yazılarımda da bu haqda o qədər yazmışam ki, təkrarçılıq olmasın deyə çox uzun danışmaq istəmirəm. Mənim üçün futbol "Karvan"dır, mənim üçün sevgi, eşq, sədaqət, həyəcan "Karvan"dır. Özü artıq olmasa belə...

- Uşaqlıq arzunuz nə idi? Bildiyim qədərilə iqtisadiyyat üzrə təhsil almısınız, lakin heç vaxt bu sahədə işləməmisiniz. Futbolda hakim olma qərarını necə verdiniz? Mətbuata gəlişiniz necə oldu ?

- Uşaqlıqdan nə arzu etmişəmsə, onun ardından getmişəm. "Karvan" yarandıqdan sonra klubun uşaq komandaları da fəaliyyətə başladı. Ancaq təəssüflər olsun ki, həmin vaxtlar bölgələrdə qızlardan ibarət komandalar yox idi. Həmin illərdə ancaq Bakı və Sumqayıtda belə komandalar vardı. Ancaq "Karvan"ın fərqli yaş qruplarında məşq edən sinif yoldaşlarımı, qohum-qonşu uşaqlarını görəndə mən də futbolçu olmaq istəyirdim. Ancaq alınası bir şey deyildi. 13-14 yaşım olardı və anam biraz narin böyütmüşdü məni. Əslində tamam başqa mühitdə böyüyən uşaq idim, musiqi məktəbində fortepiano üzrə təhsil alırdım, rəsm və tikişlə məşğul olurdum, dərsdən sonra şahmat məktəbinə gedirdim. Birdən-birə zərif bir qızcığaz idmana maraq saldı və özüm də dərk edirdim ki, yaşıma və ondakı şəraitə görə futbolçu olmağım mümkün deyildi. Bİr gün TV-də futbol izləyərkən xanım hakim gördüm və mənə çox maraqlı gəldi. Valideynlərimə deyəndə buna etiraz etmədilər və araşdırmadan sonra Mingəçevirdə Rövşən Əhmədov adlı hakim olduğunu, ona müraciət etmək lazım olduğunu öyrəndilər. Valideynlərim Rövşən müəllimlə görüşüb məsələni ona deyəndə çox məmnun olmuşdu. Çünki həmin illərdə Azərbaycanda cəmi 2 xanım hakim vardı. Bakıda Venera Muradova və bacısı bu işlə məşğul olurdu. Rayonlardan isə, heç kim yox idi. Beləliklə, 2005-ci ildə 14 yaşım olanda Mingəçevirdə qaçışdan imtahan verdim və Rövşən müəllim məni qəbul etdi. Mətbuata marağım da elə o vaxtlardan vardı. "Futbol+" qəzetinin daimi oxucusu idi. Hətta 8-ci sinifdə bir dəftər tutmuşdum. "Karvan"ın oyunlarında qeydlər aparırdım, sonra qəzetdə oxuyub öyrəndiklərimdən ilhamlanıb oyunların təhlilini yazırdım. İqtisadiyyata gəlincə isə, bu anamın istəyi ilə oldu. İdman akademiyasına qəbul olduqdan sonra, anam dedi ki, ixtisası dəyişək. Ancaq heç vaxt bu sahə üzrə işləməmişəm, elə fikrim də yoxdur.

- Hansı çətinliklərlə üzləşdiniz? Futbolda hakim olmaq çətindir, yoxsa onu kənardan izləyib bu barədə yazmaq?

- Bir çox idmançı, azarkeş xanımlarla müsahibələrimdə çox faizi ailədən narazılıq olduğunu deyiblər. Ancaq mənim heç vaxt belə bir problemim olmayıb. Ailəmin həmişə mənə dəstək olublar, imtahanlara, oyunlara özləri məni aparardılar. Rayonlara da getmişəm, oyunlardan gecə də qayıtmışam, heç bir narazılıq olmayıb. Çünki bilirlər ki, bu, mənim işimdir və mən işimi görəndə xoşbəxt oluram. Onlar üçün isə, ən mühüm şey mənim xoşbəxt olmağımdır. Həmişə hər yerdə demişəm, bu həyatda ən böyük şansım məni çox sevən, ancaq və ancaq mənim xoşbəxt olmağımı düşünən ailəmin olmasıdır. Nə qərar vermişəmsə, dəstək olub arxa durublar. Çətinliyi kənardan yaratmağa çalışıblar. Dediyim kimi, mən futbola gələn vaxtlarda rayonda stadiona xanımlar getməzdi, mental düşüncüləri özünüz bilirsiz də, bu haqda danışmağa dəyməz. Qız kişilərin arasında olmamalıdır, nəyə lazımdır, falan filan. Hətta "Karvan" stadionunda belə mənə bilet satmamışdılar ki, xanımlara giriş qadağandır. Onda da "Futbol+" qəzetinin redaksiyasına zəng edib, Yevlax stadionunda qızları stadiona buraxmırlar deyə məlumat vermişdim. Dəyərli idman jurnalistimiz Kənan Məstəliyevlə danışmışdım bu məsələ ilə bağlı.

Sonradan hər şey yoluna düşdü, hətta "Karvan"ın aşağı yaş qrupları ilə məşq edirdim, məşqçilər iki tərəfli oyun aparırdı, mən də hakimlik edib öyrənirdim. Sadəcə sonradan gözümlə bağlı problem yarandı, zəiflik olduğu üçün artıq meydanı yaxşı görə bilmirdim. Linzadan istifadə edəndə isə, gözüm ağrıyırdı. 2012-ci ilin may ayından sonra isə həmkarım İlkin Vidadioğlu sayəsində uşaqlıqdan marağında olduğum idman mətbuatına gəldim. Və sonradan da gördüm ki, ruhuma, xasiyyətimə uyğun olan peşə budur. Yazmağı çox sevirəm. Adi həyatda da fikirlərimi danışaraq yox, yazaraq daha yaxşı çatdırıram. Sevdiyim sahədən(futbolu) yazmaq (jurnalistika) ikiqat xoşbəxtlikdir mənim üçün. İnsanin xoşbəxt olması üçün də ən vacib amil sevdiyi peşə ilə məşğul olmaqdır. Amma işini vicdanla görmək şərtilə.

- Yazılarınızda daha çox ölkə futbolunu tənqid edirsiniz. Bir az da bu barədə danışaq.

- Bizim futbolun tərif ediləcək tərəfi var? Başdan-ayağa əsəbdi. Amma son zamanlar daha fikir vermirəm. Bəlkə də əsəbləşirəm, amma zarafata salıram. Niyə? Çünki öz bildiklərini edirlər, bizə də qalan əsəb,stres olur.

Bir ara bu məsələnin üstünə çox düşdüm. Ölkənin hər bir sahəsindən tanıdığımız, futbolu sevən şəxslərlə müsahibələr edirdim və onların da bərbad gündə olan futbolumuz haqda fikirlərini işıqlandırırdım. Niyə? Çünki düşünürdüm ki, futbolu bərbad günə salan insanların nə qədər çox üstünə getsək, hadi idman ictimaiyyətini saymırlar, bəlkə ümumi, hərtərəfli qınaq olsa, insafa gələrlər. Artıq iş rejimini aşmışdım, gecə-gündüz ancaq bunu düşünürdüm, kimi danışdırım, kimə müraciət edim. Amma gördüm yox e, heç bir faydası yoxdur. Qurban sizə, tək əldən çıxmır. Bu gün ölkə futbolunda baş verən iyrənclikləri açıq-aşkar deyən yazan çox az adam qalıb. Bir çoxu isə, nə isə... Yəni, deyəcəyim odur ki, 3-5 nəfərlə nəyisə dəyişmək olmur. Ondan sonra biraz özümü sakitləşdirdim, öz əsəblərim, öz sağlamlığım üçün. Çünki mən ölkə futbolu barədə sırf maraqdan, ya da iş xatirinə yazmamışam. Azərbaycan futbolunun həyatımda rolu başqadır. Mənim uşaqlığım, həyatım burada keçib. Camaat qohum-qonşu arasında böyüyəndə, mən futbol adamlarının arasında böyümüşəm, bir çoxu mənə ən yaxın qohum kimidir. Ən gözəl günlərim ölkə çempionatında 16-18 klub olan vaxtlarda olur. "Karvan", "Xəzər Lənkəran", "Bakı" və bir çox klubların oyunlarına istər azarkeş, istər hakim (aşağı yaş qruplarının oyunlarına), istərsə də jurnalist kimi getdiyim  illər həyatımın ən möhtəşəm vaxtları idi. Gözünü açıb futbolda böyüyən insanlar üçün futbol camiəsi ailən olur və ailənin məhv olmasına, haqsızlığa uğramasına göz yuma bilmirsən. Ən pisi də nəyəsə gücünün çatmamasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3348
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar